×
A
A
A
Sazlamalar

Radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları mövzusunda seminar-müşavirə keçirilib

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətində keçirilən seminar-müşavirədə əvvəldə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmi nümayiş etdirilib. Daha sonra ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminar-müşavirəni açan Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov mövzunun əhəmiyyətindən danışaraq bildirib ki, keçirilən tədbir gənclərin maarifləndirilməsi baxımından önəmlidir.
Azərbaycanda dövlət və din münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabərhüquqlu münasibət göstərilməkdədir. Regionun lider ölkəsi olan Azərbaycanın güclü rəhbərinin olduğunu vurğulayan S.Heydərov vurğulayıb ki, dövlətimizin başçı tərəfindən sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin əsası qoyulub və bu təşəbbüs sonrakı illərdə qlobal prosesə çevrilib. O, Bakıda keçirilən mədəniyyətlərarası və humanitar forumların əhəmiyyətindən də danışıb, bunu ölkəmizin, xüsusilə dövlətimizin başçısının dinlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfənin təzahürü kimi qiymətləndirib. Natiq deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin respublikamızda “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünyada, eləcə də müsəlman aləmində sülhə və birgəyaşayışa çağırışdır.
Dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsaslarından bəhs edən Dövlət Komitəsi sədrinin müavini bildirib ki, radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işləri gücləndiriləcək.
Yaxın Şərqdə gedən proseslərə də nəzər salan natiq qeyd edib ki, bu, İslam dinini gözdən salmaq istəyən qüvvələrin məkrli siyasətinin nəticəsidir. Dünyada, o cümlədən regionumuzda münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi və dini sabitlik mövcuddur. Bəzi dairələr tərəfindən radikalyönümlü dini cərəyanların Azərbaycana ixrac olunmasına cəhdlərin edildiyini vurğulayan Səyavuş Heydərov bunun qarşısının müvafiq dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qətiyyətlə alındığını bildirib. DQİDK sədrinin müavini hər kəsi yad dini ideologiyalardan qorunmaq üçün müvafiq icazəsi olmayan ədəbiyyatlardan istifadə etməməyə, ümumiyyətlə, radikal dini təsirlərə məruz qalmamaq üçün daha diqqətli olmağa çağırıb.
Baş Prokurorluğun idarə rəisinin müavini Rauf Məmmədov müvafiq sahə üzrə qanunvericiliyə diqqət çəkərək, dini radikalizm və ekstremizm probleminə qarşı mübarizənin hüquqi əsasları barədə geniş məlumat verib. R.Məmmədov 2015-ci ildə “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib, dini ekstremizmə qarşı mübarizənin məqsədlərindən və əsas prinsiplərindən danışıb.
Daha sonra çıxış edən Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev dini radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən danışıb, təmsil etdiyi qurumun müvafiq sahədə həyata keçirdiyi profilaktik və inzibati tədbirlərdən söz açıb. O, dini radikal və ekstremist fəaliyyətin ictimai təhlükəsizliyə açıq təhdid olduğunu bildirərək, ona qarşı müştərək mübarizənin vacibliyini vurğulayıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Bəhruz Əzizov dindarlara göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib. O, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib.

Din 2018-01-29 18:08:00