×
A
A
A
Sazlamalar

Rafael Hüseynov: Hər kəs ermənilərin öldürdüyü 2 yaşlı Zəhranın yerində öz balasını təsəvvür edə bilsə, hərbi münaqişələr bitər VİDEO

Strasburq, 26 yanvar, AZƏRTAC
Müharibə uşaq oyunlarımızdan biri idi. Ancaq mən qətiyyən inanmıram ki, indi Avropanın və dünyanın müxtəlif hərbi münaqişə bölgələrində yaşayan və körpə yaşlarından qanlı qarşıdurmaların dəhşətlərini hiss etmiş, topların gurultusunu, güllə səslərini eşitmiş, dağıntıları öz gözləri ilə görmüş uşaqların əyləncələri sırasında müharibə oyunları olsun. Müharibə vahiməsi onları sonra yaşayacaqları ömrün bütün illərində müşayiət edəcək. Bundan sonra onları heç cür müalicə etmək, bu xofdan tam qurtarmaq mümkün olmayacaq. Ata-anasının mərmi partlayışı nəticəsində parça-parça olmasını, yaşadığı şəhərin, kəndin od-alova bürünərək tar-mar edildiyini görən, hər səhər, hər axşam, hər gecə şirin yuxusundan atəş səslərinə oyanan uşaqda uşaqlıqdan əsər-əlamət qalarmı?
AZƏRTAC xəbər verir ki, bu sözləri AŞPA sessiyasında “Hərbi münaqişələrdən zərər çəkən uşaqların qorunması” məruzəsinin müzakirələrinə qoşulan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.
Bu həssas mövzu ilə bağlı çıxış edən deputat əvvəlcə müharibələrin, hərbi münaqişələrin cəmiyyətə ən böyük zərbələrindən birinin məhz uşaqlara dəydiyini, bu vahimə hissinin onların sonrakı bütün həyatları boyu davam etdiyini vurğulayıb. Müharibənin bəlkə də cəmiyyətə ən ağır zərbəsi uşaqlardan onların məsumluğunu, sevincini, inamını, bütövlükdə uşaqlığını oğurlaması olduğunu söyləyib.
Xocalı faciəsindən söz açan Rafael Hüseynov bu soyqırımı zamanı əsas qurbanlar sırasında qocalar, qadınlar, dinc əhalinin müxtəlif təbəqələri ilə yanaşı, çox sayda uşaqların da olmasını dəqiq faktlarla Assambleya üzvlərinin diqqətinə çatdırıb. O deyib: “Mən müharibənin uşağı necə qocaltmasını ilk dəfə 1992-ci ilin martında görmüşəm. “Amerikanın səsi” radiosunun xüsusi müxbiri Bakıda idi. Bir neçə gün əvvəl – fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində 613 dinc sakini məhz azərbaycanlı olduqlarına görə amansızcasına qətlə yetirmişdilər. Həlak olanlardan 63-ü, 487 yaralıdan isə 76-sı uşaqlar idi. Qarlı-şaxtalı qış günündə ayaqyalın, nazik paltarda dağlarla qaçaraq xilas olmuş həmin uşaqlardan bir neçəsi ilə görüşmək üçün amerikalı jurnalistlə xəstəxanaya getmişdik. Atası, anası, bütün ailə üzvləri gözünün qarşısında məhv edilmiş bir uşağın çarpayısının yanında oturmuşduq. O uşağın gözlərində heç bir ifadə yox idi, onun baxışları donmuşdu, zahirən diri idi, nəfəs alırdı, hərəkət edirdi, lakin şahidi olduğu qanlı səhnələr onu elə diri-diri məhv etmişdi. İş elə gətirdi ki, həmin hadisədən 15 il sonra o jurnalist yenə Bakıya gəldi və məndən xahiş etdi ki, imkan olsa, 1992-ci ilin martında görüşdüyümüz qızı tapaq. Tapdıq, görüşdük və təəccübləndik. 15 il əvvəl biz görəndə 10-11 yaşında olan o qız indi sanki ikiqat, üçqat yaşlı idi. Dəyişməyən, elə əvvəlki kimi qalan yalnız gözləri idi. Baxışlarındakı dəhşət, çarəsizlik, ümidsizlik ifadəsi elə köhnədə olduğu kimi donub qalmışdı”.
Müzakirələrin getdiyi əsnada da ermənilərin münaqişə bölgəsində atəşlər açdığına, yeni faciələr törətdiyinə də diqqət çəkən deputat bildirib: “Müharibələrdən, hərbi münaqişələrdən zərər çəkən uşaqları necə qorumağın yolları barədə düşünürük. Zəlzələ vaxtı kövrək bir şüşəni sınmaqdan necə xilas etmək olar? Mümkünsüzdür! Gərək müharibələrin, hərbi münaqişələrin nəticələrini necə yumşaltmaq barədə deyil, belə qarşıdurmaların özlərini yox etmək barədə düşünək. Biz indi bu düşüncələri bölüşdüyümüz dəqiqələrdə işğalçı erməni ordusunun atdığı mərmi, açdığı atəş sərhəd bölgəsindəki Azərbaycan uşağını yuxusundan diksindirir, yaralayır, həyatını əlindən alır”.
Ermənilərin qətlə yetirdiyi 2 yaşlı Zəhranın faciəsindən söz açan deputat Rafael Hüseynov Azərbaycanın bu ən gənc şəhidinin iri fotosunu qaldıraraq Assambleya üzvlərinə nümayiş etdirdi və həmin anda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin digər üzvləri də erməni cəlladlığının qurbanı olan qızcığazın şəkillərini iclas zalının müxtəlif hissələrində əllərində saxladılar.
R.Hüseynov avropalı deputatlara bütün hərbi münaqişələrin, müharibələrin həllinin ən qısa yolunun hər kəsin öz balasını bu balaca şəhidin yerində təsəvvür edə bilməsindən keçdiyini söyləyib. “Zəhra adlı gözəl bir Azərbaycan qızcığazı vardı. O, bu dünyaya xoşbəxt olmaq üçün gəlmişdi. Bir neçə ay öncə - 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatanlardan və qumbaraatanlardan açdıqları atəş nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı qəsəbəsində bu 14 aylıq uşaq nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirildi. Bu, həmin uşağın, o balaca mələyin şəklidir. Hər birimiz bədbəxt Zəhranın, bu öldürülmüş mələyin yerində öz balamızın, öz nəvəmizin surətini təsəvvür edə bilsək, nə münaqişələr olar, nə müharibələr baş verər, nə belə müzakirələrə ehtiyac qalardı. Bəs, biz bunu niyə edə bilmirik?! Əsas sual budur!” - deyə R.Hüseynov vurğulayıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq

Xarici siyasət 2018-01-26 04:33:00

Video