×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Kanada arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib

Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışıb. 28-i qeyri-müsəlman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyi, dini icmalara dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığı diqqətə çatdırılıb.
Azərbaycanda multikultural mühitin hökm sürdüyünü deyən Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ölkəmizin dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib. Kanadada olduğu kimi, Azərbaycanda da tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini bildirib.
Görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib, eyni zamanda, ölkəmizin nümunəvi dövlət-din modeli, dini radikalizmə qarşı mübarizəyə dair təcrübəsi barədə fikir mübadiləsi aparılıb.

Din 2018-01-16 17:35:00