Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar


Xəzər rayonunda şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı olub

Bakı, 12 yanvar, AZƏRTAC

Xəzər rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 124 nömrəli tam orta məktəbdə şəhid Füzuli Gözəlovun xatirəsinə həsr edilən sənədli filmin təqdimatı keçirilib.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində məktəbin direktoru Sevda Abdullayeva, Xəzər rayon gənclər və idman idarəsinin rəisi Vüqar Əliyev, rayon icra hakimiyyətinin əməkdaşı Anar Nəsirov, “Qarabağ müharibəsi əlilləri veteranları və şəhid ailələri” İctimai Birliyinin Xəzər rayon filialının sədri Səfa Əliyev, rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin müdiri Ağaşah Yusifov, orta məktəbin direktor müavini Sevinc Atayeva çıxışlarında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsinə ən yüksək hörmət və ehtiramın göstərildiyini diqqətə çatdırıblar. Çıxışlarda Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində və vətənpərvərlik ruhunun təbliğində belə tədbirlərin, layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Çıxışlardan sonra sənədli film nümayiş olunub.
Sonda məktəblilərin ifasında şəhid Füzuli Gözəlovun xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edilib.
Xatırladaq ki, sənədli film “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş döyüşçülərin gənclər arasında tanıdılması, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə çəkilib.

Sosial 2018-01-12 20:15:00