×
A
A
A
Sazlamalar

Tarixi saxtalaşdıranlara qarşı mübarizədə Azərbaycanın mövqeyi dəyişməzdir

Bakı, 20 noyabr, AZƏRTAC 

Moskvada Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının növbədənkənar VII Qurultayı və Təşkilatın Əlaqələndirmə Şurasının plenum iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlər çərçivəsində “Müasir dövrdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixini saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsi” mövzusunda elmi-praktiki konfrans təşkil olunub. Konfransda Beynəlxalq İttifaqın sədr müavini Vladimir Tkaçenkonun “1941-1945-ci illər Böyük Vətən müharibəsi tarixinin saxtalaşdırılmasına qarşı mübarizədə veteran təşkilatlarının rolu” mövzusunda məruzəsi dinlənilib.
Tədbirlərdə Azərbaycanı təmsil edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Faşizm insanlığa yad ideologiyadır” mövzusunda məruzə ilə çıxış edib. C.Xəlilov çıxışında İkinci Dünya müharibəsində faşizm üzərində böyük Qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrindən, qanlı döyüşlərdə qəhrəmancasına vuruşan 700 minə yaxın soydaşımızdan 350 mininin həyatlarını itirməsindən danışıb. O, ölkəmizdə 9 May - Qələbə Gününün hər il böyük təntənə ilə qeyd edildiyini bildirib.
C.Xəlilov tədbir iştirakçılarının diqqətini İkinci Dünya müharibəsinin tarixinin, ümumən tarixin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəldib, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi diqqətə çatdırıb. O deyib ki, Azərbaycanın 20 faizdən çox ərazisini bu günədək işğal altında saxlayan Ermənistan özünün təcavüzkarlıq siyasətini açıq və arxayın şəkildə davam etdirir. Ermənilər bu siyasəti öz faşist sələflərindən, alman faşizminə xidmət göstərmiş erməni cəlladları - general Dro və Qaregin Njde kimi cəlladlardan əxz ediblər. Neçə ildir ki, nəinki ayrı-ayrı şəxslər, hətta Ermənistanın dövlət rəhbərliyi səviyyəsində həmin faşist cəlladların bəraətinə çalışılır. Bununla bağlı artıq neçə ildir ki, biz Azərbaycan veteranları, ümumən cəmiyyəti həyəcan təbili çalır, beynəlxalq ictimaiyyəti erməni faşızminin ifşasına biganə qalmamağa, dünən və bu gün onlar tərəfindən törədilən cinayətləri birmənalı şəkildə qınamağa çağırırıq. Bu barədə müraciət hazırlanaraq Azərbaycan veteranları adından MDB ölkələrinin dövlət və hökumət başçılarına, həmin ölkələrin parlament üzvlərinin elektron ünvanlarına, veteran təşkilatlarına, beynəlxalq qurumlara göndərilib. Ancaq təəssüf ki, bir nəticə yoxdur, əks-halda Ermənistan dövləti təcavüzkarlıq siyasətinə son verər, Azərbaycan torpaqları işğaldan azad edərdi.
C.Xəlilov, həmçinin Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb. O, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə veteranlara diqqət və qayğısını beynəlxalq təşkilatların diqqətinə çatdırıb.
Konfransda digər çıxışlarda da tarixi saxtalaşdıranlara qarşı mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub və bununla bağlı dünya ölkələrinin veteran təşkilatlarına müraciət qəbul edilib.
Qurultayda təşkilati məsələlərə də baxılıb, müzakirə edilən məsələlər barədə yekdil qərar qəbul olunub.
Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Müstəqil Dövlətlərin Veteranları İctimai Təşkilatları Birliyinin Rəyasət Heyətinin üzvü seçilib.

Sosial 2017-11-20 19:17:00