×
A
A
A
Sazlamalar

Test imtahanından müvəffəqiyyətlə keçən şəxslərin sertifikat almaları üçün qeydiyyat başlanıb

Bakı, 20 noyabr, AZƏRTAC

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün noyabrın 18-də təşkil edilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı almaq üçün dekabrın 1-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg  keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə olunur:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil olan məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadıqda namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini beş iş günü müddətində DİM-ə təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Bu tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Elm və təhsil 2017-11-20 17:35:00