×
A
A
A
Sazlamalar

Gürcüstanlı gənclər Bakıdan zəngin təəssüratla qayıdıblar

Tbilisi, 20 noyabr, AZƏRTAC

“Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” qeyri-hökumət təşkilatı bir neçə ildir həm Gürcüstanda, həm də xaricdə mədəniyyət və təhsil sahələrində beynəlxalq və regional layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, təşkilat Azərbaycanın Batumidəki baş konsulluğunun dəstəyi ilə Bakıda yeni “Bir təhsil və bilik” layihəsi həyata keçirib. Layihə iştirakçılarının Azərbaycana üçgünlük səfərləri çərçivəsində əvvəlcə Xarici İşlər Nazirliyində görüş keçirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qonaqların suallarını cavablandırıb.
Görüşün əsas mövzusu iki dost ölkə arasında tərəfdaşlıq əlaqələrini gücləndirmək və gələcək planları müzakirə etmək olub. Tədbirin sonunda tələbələr nazirliyin sərgi salonunda tanınmış şəxslərin, siyasətçilərin, eləcə də Gürcüstanın sabiq prezidentlərinin də fotoşəkillərinin nümayiş olunduğu sərgiyə baxıblar.
Gürcüstanlı gənclər ADA Universitetində bu ali təhsil ocağının müasir kompleksi ilə tanış olub professor-müəllim heyəti ilə görüş keçiriblər. Tələbələr kitabxana üçün ayrılmış xüsusi binaya baş çəkib, tədris prosesini izləyiblər.
Azərbaycana səfər çərçivəsində qonaqlar Gürcüstanın Bakıdakı səfirliyinə də baş çəkiblər. Ölkələrimiz arasında əlaqələrin tarixindən və hazırkı inkişaf səviyyəsindən danışan səfir Teymuraz Şaraşenidze bu münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.
“Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri bu cür layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Batumiyə qayıtdıqdan sonra təşkilatın nümayəndə heyəti Azərbaycanın bu şəhərdəki baş konsulu Rəşad İsmayılov ilə görüşüblər.
Baş konsul xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı səmimiyyət üzərində qurulmuş əlaqələrdən, siyasi, iqtisadi, təhsil və mədəni sahələrdə səmərəli əməkdaşlıqdan danışıb. O, belə tədbirlərin və görüşlərin iki ölkə arasında diplomatiya, mədəniyyət, o cümlədən təhsil sahələrində münasibətlərin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diplomat iki ölkənin gəncləri arasında belə layihələrin mütəmadi keçirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə söykənən səmərəli dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin üzərinə böyük vəzifə düşür.
“Demokratik dəyərlərin gücləndirilməsi üçün çoxmillətli Gürcüstan” təşkilatının təmsilçiləri Bakıda layihənin reallaşmasında göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycandan böyük təəssüratla qayıtdıqlarını, ölkəmizdə qarşılaşdıqları xoş münasibətin Azərbaycan ilə Gürcüstan arasında tarixi dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərindən qaynaqlandığını bildiriblər.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Sosial 2017-11-20 17:23:00