×
A
A
A
Sazlamalar

Yetmiş illik ömrün 55 ili səhnədə

Bakı, 20 noyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində Xalq Artisti, tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və 55 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçirilib.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Əməkdar İncəsənət Xadimi, Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev yubilyarın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, tanınmış tarzənin Azərbaycanın musiqi mədəniyyətində xüsusi yeri var.
Tədbirdə Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Xalq Artisti, tarzən Ramiz Quliyev yubilyar haqqında ürək sözlərini bölüşüblər.
Gecədə yubilyarın həyat və yaradıcılığına aid videoçarx nümayiş olunub.
Xalq Artisti Teymur Göyçayevin idarə etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Fikrət Verdiyev tarda bir sıra musiqi nömrələri səsləndirib.
Tədbirdə Xalq Artisti Nəzakət Teymurova, Əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova, İlkin Əhmədov, Tünzalə Ağayeva, Babək Niftəliyev, Əməkdar Mədəniyyət İşçisi aşıq Əhliman, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Ehtiram Hüseynov, müğənnilər Eldəniz Məmmədov, Kamilə Nəbiyeva yubilyarı ifaları ilə təbrik ediblər.
Sonda Fikrət Verdiyev mədəniyyət sahəsinə, xüsusən muğam sənətinin inkişafına göstərdikləri diqqət və qayğiya görə ölkəmizin başçısına və Birinci vitse-prezidentə təşəkkürünü bildirib.

Mədəniyyət 2017-11-20 17:12:00