×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənc bəstəkarın əsəri London Simfonik Orkestrində

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbinin məzunu, gənc və istedadlı bəstəkar Arzu Abbasovanın bəstələdiyi “Cənnət lövhələri” proqramlı süitasının London Simfonik Orkestrinin “Soundhub” layihəsi çərçivəsində təqdimatı keçirilib.
Musiqi məktəbindən AZƏRTAC-a bildirilib ki, təqdimatda dünyanın bir çox tanınmış bəstəkarları iştirak edib. Gənc bəstəkar London Simfonik Orkestrinin “Soundhub” proyektinə bu ilin avqust ayında qoşulub.
Qeyd edək ki, Arzu Abbasova bu əsərinə görə Serbiyada 100 dən çox ölkənin iştirak etdiyi Donna in Musica qadın bəstəkarların XII beynəlxalq müsabiqəsində “Gənc və perspektivli bəstəkarı” adını qazanıb. O, “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin 1-ci kursunu əla qiymətlərlə bitirərək Londonun SOAS Universitetinə eyni ixtisas üzrə daxil olub. Həmyerlimiz SOAS Universitetində də öz istedadını göstərərək orada fəaliyyət göstərən “radio proqram”ın rəhbəri və aparıcısıdır. Arzu Abbasova bəstəkarlıq təhsilini isə Bakı şəhər G.Şaroyev adına 35 saylı 11 illik musiqi məktəbində alıb və 2016-cı ildə bəstəkarlıq fakültəsinin məzunu olub. Musiqi təhsilini aldığı dövrdə gənc bəstəkar dəfələrlə respublika və beynəlxalq müsabiqələr laureatı seçilib. Onun müəllimi Pikə Axundovadır.

Mədəniyyət 2017-11-20 15:46:00