×
A
A
A
Sazlamalar

Emil Qədirov: “Bu illər ərzində toplanmış kiçik təcrübəmi bölüşmək mənə xoşdur”

Moskva, 20 noyabr, AZƏRTAC

“Mir” telekanalının efirində “Vo ves qolos” musiqili şounun ikinci buraxılışı nümayiş etdirilib.
Məşhur müğənni Emil Qədirovun başçılıq etdiyi Azərbaycan komandasının heyətinə solistlər Rüstəm Kərimov və Suada Ələkbərova, habelə Humay Eminzadə və Kamran Məmmədovun “Buta” dueti daxildir.
Müsabiqənin informasiya tərəfdaşları MDB, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq məsələləri üzrə Federal Agentlik (Rossotrudniçestvo), Moskva şəhərinin Mədəniyyət Departamenti və Azərbaycan Dövlət İnformasiya Agentliyidir (AZƏRTAC).
Komandanın rəhbəri Emil Qədirov AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə uşaqlarla iş barədə, “Mir” telekanalının yeni layihəsi və gələn il Moskvada özünün solo konserti barədə fikirlərini bölüşüb.
-Emil, siz komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirsiniz. Bu rolda özünüzü necə hiss edirsiniz?
-Bəli, komandanın rəhbəri rolunda ilk dəfə çıxış edirəm, lakin qəribə də olsa, bu rolda özümü kifayət qədər inamlı hiss edirəm, ona görə ki, bu illər ərzində toplanmış kiçik təcrübəmi bölüşmək mənə xoşdur. Uşaqların səni dinləməsini, sənin məsləhətlərini qəbul etmələrini görmək çox maraqlıdır.
-Xahiş edirəm, öz yetirmələriniz barədə danışın...
-Uşaqlar çox istedadlı, xarizmatikdirlər, hamısının inanılmaz dərəcədə gözəl səs tembri var. Layihənin başlanğıcında onlar bir qədər sıxılırdılar, lakin mən bu istiqamətdə ciddi iş apardım, onları ruhlandırmağa və səhnə ilə maraqlandırmağa çalışdım. Həqiqətən, bu uşaqlar hamısı qoçaq uşaqlardır. Öz vəzifələrinin öhdəsindən gəlirlər, hamısı çox qabiliyyətli və əməksevərdir. Xarizmatik gənc artist olan Rüstəm Kərimov Bakıda keçirilmiş “Zima” müsabiqəsində və uşaqlar arasında “Eurovision” müsabiqəsində özünü göstərib. Rüstəmin qeyri-adi xoreoqrafik hazırlığı var – yaxşı rəqs edir. Üstəlik, o, kifayət qədər artistik gəncdir, mənim fikrimcə onun uzunmüddətli və uğurlu artistlik karyerası üçün çox yaxşı şansı var. Suada isə hətta Filip Kirkorovla oxuyub. İndi o, yaşa dolub, böyük qız olub, buna görə bir qədər sıxıntı hiss edirdi. Hazırlıq prosesində onunla bərabər səhnədə sıxıntı hissini aradan qaldırmağa çalışdıq və mənə belə gəlir ki, müsabiqə səhnəsində özünü hərtərəfli göstərə biləcək.
Bir neçə kəlmə də Kamran və Humayın “Buta” dueti barədə. Kamranın səsi artıq uşaq səsi deyil və mənim fikrimcə, gələcəkdə o, çox yaxşı bariton olacaq. Humayın çox gözəl səsi var və müsabiqədəki həmkarlarımın çoxunun fikrincə bu, Azərbaycanın səsidir. Elə səslər var ki, səhnəni, zalı sehrləyir. Humayın məhz bu cür səsi var, o, əsl vokal nümunəsi göstərir. Humay səhnəyə ilk dəfə çıxır. Bu müsabiqə onun debütüdür və hesab edirəm ki, “Vo ves qolos” müsabiqəsi ona yalnız fayda gətirəcək.
-“Vo ves qolos” layihəsi başqa oxşar layihələrdən nə ilə fərqlənir?
-“Vo ves qolos” layihəsi MDB ölkələrinin uşaqları üçün keçirilir. Hər bir millət, hər bir uşaq fərdidir. Biz bu layihədə hər bir uşağa onun milli xüsusiyyətlərini nəzərə almaqla yanaşırıq. Uşaqlar mahnıları öz ana dilində oxuyur, öz milli musiqilərini ifa edirlər. Azərbaycan komandası “Azərbaycan” və “Sarı gəlin” mahnılarını ifa edib. Bu baxımdan, müsabiqə çox maraqlıdır və ölkələrimizi birləşdirir. Mənim fikrimcə, bu layihə çox baxımlı və uğurlu olacaq.
-Uşaqlarla işləmək sizə yaradıcılıq baxımından nə verir?
-Uşaqlarla işləmək çox maraqlıdır, çünki onların dünyaya, musiqiyə, mahnılara baxışı yaşlıların baxışlarından fərqlidir. Ən maraqlısı - bu işin bəhrəsini görmək, sənin səylərinin hədər getmədiyinə əmin olmaqdır. Bu, insanı çox ruhlandırır. Uşaqları öyrədəndə insan özü də inkişaf edir.
-Emil Qədirovun gənc musiqiçilərə və onların valideynlərinə məsləhəti nədir?
-Əlbəttə, hər bir uşağa fərdi və fərqli şəkildə yanaşmaq lazımdır. Belə layihələr uşaqların gələcək taleyinə və karyerasına heç də həmişə birmənalı şəkildə təsir göstərmir. Uşağa izah etmək lazımdır ki, bu layihə həyatın bir mərhələsidir, hər şey bununla bitmir, həyat davam edir. Bəzən hətta yaşlı insanlar da uğursuzluqdan sonra “sınır”, ruhdan düşürlər. Bəzi uşaqlar mənə yaxınlaşıb deyiblər ki, vəssalam, daha musiqi ilə məşğul olmayacağıq. Valideynlər öz uşaqları ilə ünsiyyət saxlamalı, onları dinləməli və eşitməli, izah etməlidirlər ki, bu, yaradıcılığın yalnız başlanğıcıdır. Ona görə də belə səviyyəli layihələrə səliqə ilə yanaşmaq lazımdır. Mən öz yetirmələrimi inandırmağa çalışıram ki, bəli, qalib gəlmək çox yaxşı şeydir, lakin ən başlıcası – elə çıxış etməlisən ki , bu çıxış həm tamaşaçının, həm də özünü xoşuna gəlsin.
-Gələn il mart ayında Moskvada sizin solo konsertiniz olacaq. Bu, görülmüş iş barədə hesabat olacaq, yoxsa Emil Qədirov öz dinləyiciləri üçün sürprizlər hazırlayır?
-Gələn il martın 2-də Moskvadakı “Vegas city hall” zalında mənim solo konsertim olacaq. Həmin konsertə artıq indidən ciddi hazırlıq gedir. Bu, unikal konsert olacaq, çünki repertuarda müxtəlif janrlara aid rəngarəng musiqi səslənəcək. Konsertin birinci hissəsi simfonik orkestrin, ikinci hissəsi isə mənim qrupumun müşayiəti ilə nəzərdə tutulub. Sürprizlər, maraqlı duetlər çox olacaq. Həmin konsertdə mənim sevimli mahnılarımdan biri – Sevil Əliyevanın “Ana” mahnısı səslənəcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2017-11-20 15:31:00