×
A
A
A
Sazlamalar

Oğuzda quru tütün istehsalı 9,5 dəfə artıb

Oğuz, 20 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şimal-qərb bölgəsinin digər rayonları kimi, Oğuzda da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. İxrac imkanları yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Oğuzda tütünçülük yenidən dirçəlməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq son iki ildə rayonda digər ənənəvi sahələr kimi, tütünçülüyün inkişaf etdirilməsi istiqamətində də təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Uzun illər fasilədən sonra 2016-cı ildə Oğuz rayonunda 13,7 hektar sahədə tütün əkilib, 15,3 ton quru tütün istehsal olunub. Cari ildə isə tütün əkini sahələri 14 dəfədən çox artırılaraq 200 hektara çatdırılıb. Ötən il Oğuzda tütünçülüklə 3-4 ailə-fermer təsərrüfatı məşğul olurdusa, bu il belə təsərrüfatların sayı 17-yə çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda təsərrüfatlarda tütün yığımı kampaniyası əsasən başa çatıb. Bu il oğuzlu fermerlər qəbul məntəqələrinə 1378 ton yaşıl tütün kütləsi təhvil veriblər, ondan 144,7 ton quru tütün istehsal edilib. Tütün istehsalı əvvəlki illə müqayisədə 9,5 dəfəyə yaxın artıb.
Qurumdan bildiriblər ki, 2018-ci ildə Oğuz rayonunda tütün əkini sahələrinin daha da genişləndirilərək, 350 hektara çatdırılması nəzərdə tutulur.

Kənd təsərrüfatı 2017-11-20 15:15:00