×
A
A
A
Sazlamalar

Daşkənddə ali təhsil ocağında Azərbaycan-Özbəkistan Dostluq Mərkəzi yaradılacaq

Daşkənd, 20 noyabr AZƏRTAC

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər və digər layihələr müzakirə edilib.
Azərbaycan ilə Özbəkistan arasında bütün sahələrdə olduğu kimi, mədəni-humanitar sahədə də mövcud əməkdaşlıqdan söz açan Samir Abbasov dövlət rəhbərlərinin səyləri nəticəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələrdən danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən zərər barədə məlumat verib.
S.Abbasov Azərbaycan və Özbəkistan universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, AMM ilə universitet arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını təklif edib.
Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu deyən Samir Abbasov Böyük İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə yaxınlığını, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu söyləyib.
O, Özbəkistanın ali məktəblərində Azərbaycan otaqlarının yaradılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinə dair Daşkənddə özbək dilində nəşrlərin işıq üzü görməsi, bədii filmlərin özbək dilinə dublyaj olunması, bu sahədə çoxsaylı tədbirlərin, konfransların, görüşlərin keçirilməsini yüksək qiymətləndirib.
Görüş zamanı Azərbaycanın ali təhsil ocaqları, elmi-tədqiqat institutları ilə əlaqələrin yaradılması, onlarla birgə əməkdaşlığa dair memorandumların imzalanması, ölkələrimiz arasında əlyazmaların surətlərinin mübadiləsi, iki ölkə universitetləri, elmi müəssisələri arasında tələbə, doktorant mübadiləsi, ədəbiyyatımıza dair birgə layihələrinin reallaşdırılması və digər məsələlər də müzakirə edilib.
Görüşdə Əlişir Nəvai adına Daşkənd Dövlət Dil və Ədəbiyyat Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin təşkili, mərkəzin nəzdində Azərbaycan dili və ədəbiyyatı kafedrasının yaradılması, Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğətlərinin hazırlanması və nəşri ilə bağlı razılıq əldə edilib.
Sonda Samir Abbasov universitetin kitabxanasına son zamanlar Özbəkistanda Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair AMM-nin layihəsi ilə özbək dilində çap olunmuş kitabları təqdim edib.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2017-11-20 15:10:00