×
A
A
A
Sazlamalar

Uşaqlar yol təhlükəsizliyi barədə məlumatlandırılıblar

Bakı, 20 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Uşaqlar və yol təhlükəsizliyi” mövzusunda tədbirlər keçirilib.
Belə ki, təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə praktik məşğələlər, mühazirə və disputlar, seminar, təlimati treninq, “açıq dərs” və “dəyirmi masa”lar təşkil olunub. Eləcə də təhsil müəssisələrində yol nişanlarına aid fotostendlər hazırlanıb, məktəblilər arasında rəsm müsabiqələri, yarışlar, sərgilər keçirilib.
Tədbirlərdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib, yolda daha diqqətli olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin edilməsində profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyəti qeyd olunub. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsinin əsas məqsədi yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır.
Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi vurğulanıb.
Tədbirlərdə şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar ifa ediblər.

Elm və təhsil 2017-11-20 14:26:00