×
A
A
A
Sazlamalar

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında əsaslı təmir işləri yekunlaşıb VİDEO

Quba, 20 noyabr, Elxan Yusifli, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati laboratoriya binasında əsaslı təmir işləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə institutun əsas korpusu, iş otaqları və laboratoriyalar təmir olunub. Hazırda yeni yaradılan laboratoriyalarda müasir avadanlıqlar quraşdırılır.
Əsaslı təmir olunan bina Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla tam təmin olunub. İnstitutda yeni biotexnologiya laboratoriyasının quraşdırılması işləri də yekunlaşıb. Bu laboratoriyadakı iqlim otağında müxtəlif bitkilərdən alınan toxumların bəslənməsi həyata keçiriləcək.
İnzibati laboratoriya binasının əsaslı təmiri ilə yanaşı, ətraf ərazi də abadlaşdırılır, yaşıllıq zolaqları salınır.
Əsaslı təmir işlərinin birinci mərhələsi bu ilin sonuna kimi başa çatdırılacaq.
İkinci mərhələdə isə institutun digər binası və yardımçı tikililər əsaslı təmir ediləcək. Bununla yanaşı, institutun balansında mikroklonal üsulla calaqaltıların yetişdirilməsi texnologiyasının tətbiq ediləcəyi istixananın tikilməsi də nəzərdə tutulub.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev bildirir ki, bu üsulla calaqaltıların yetişdirilməsi ölkəmizdə superintensiv bağçılıqda istifadə olunan tinglərə tələbatı ödəməyə imkan verəcək. Hazırda isə bu tinglər xarici ölkələrdən idxal olunur. Müasir üsullarla tingçiliyin inkişafı bağçılıqla məşğul olan yerli fermer və sahibkarların xərclərini azaltmaqla, onlara əlavə vəsait qazandıracaq.
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu Quba rayonunun Zərdabi qəsəbəsində 1965-ci ildən fəaliyyət göstərir.

Regionlar 2017-11-20 14:00:00

Video