×
A
A
A
Sazlamalar

Qazaxıstanlı magistrantlar Mədəniyyət və İncəsənət Universitetində dissertasiya işi üzrə araşdırmalar aparıblar

Bakı, 20 noyabr, AZƏRTAC 

T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının müxtəlif ixtisaslar üzrə təhsil alan magistrləri növbəti dəfə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) elmi təcrübə keçiblər.
ADMİU-dan AZƏRTAC-a bildiriblər ki, tələbələr teatr sənəti, rəssamlıq, musiqi sənəti fakültələrində xoreoqrafiya, aktyor sənəti, rejissor, geyim dizaynı, ənənəvi musiqi sənəti mövzularında dissertasiya işi üzrə araşdırmalar aparıb, görkəmli sənətkarların dərslərində iştirak edib, onların dərs metodikası ilə tanış olublar.
Muğam dərslərində iştirak edən magistr Şolpan Darjanova muğamın onda çox böyük təəssürat yaratdığını söyləyib, xoreoqrafiya ilə məşğul olan Ulşat İzekenova isə Azərbaycan xalq rəqsləri ilə tanışlıqdan məmnunluğunu bildirib.
On gün ərzində yüksək səviyyədə elmi təcrübə keçdiklərini deyən qazaxıstanlı magistrantlar qazandıqları təcrübəni öz ölkələrində tətbiq edəcəklərini deyib, elm və təhsil sahəsində əlaqələrin iki təhsil ocağı üçün faydalı olacağına əminliklərini bildiriblər.
Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı, mədəni proqram da təşkil edilib.

Elm və təhsil 2017-11-20 13:08:00