Güləşçilərimiz “Alans” beynəlxalq turnirində iki medal qazanıblar
Bakı, 20 noyabr, AZƏRTAC
Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə “Alans” beynəlxalq turniri keçirilib. Baş məşqçi Firdovsi Umudov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, 97 kiloqram çəkidə yarışan Olimpiya çempionumuz Şərif Şərifov finaladək bütün rəqiblərini tam üstünlüklə məğlub edib. Finalda yerli idmançı Vladislav Baytsayevlə gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Sonuncu xalı qazandığından qələbə rəqibə verilib və təmsilçimiz gümüş medalla kifayətlənib.
Turnirdə 57 kiloqram çəkidə yarışan Azərbaycan təmsilçisi Georgi Edişeraşvili isə turnirin bürünc medalına sahib olub.
Hakim kimi görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zaur Şərifov təmsil edib. I-S kateqoriyalı hakim Hicran Şərifov isə Dünya Güləş Birliyinin qərarına əsasən, hakim-instruktor kimi turnirin gedişinə nəzarət edib.
İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub
Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib
Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər
Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib