×
A
A
A
Sazlamalar

İnzibati rəhbər vəzifələr üzrə vakant vəzifələrlə bağlı məlumat açıqlanıb

Bakı, 20 noyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) bu il noyabrın 18-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ilk test imtahanı keçirib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahan təlimata uyğun olaraq kompüter vasitəsilə üç saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanın gedişini internet vasitəsilə də izləmək mümkün olub.
İmtahanda iştirak edən 90 namizəddən 13-ü, o cümlədən AB4 altqrupu üzrə iki nəfər, AC1 altqrupu üzrə iki nəfər, AC2 altqrupu üzrə üç nəfər, AC3 altqrupu üzrə iki nəfər, AC4 altqrupu üzrə isə dörd nəfər uğur qazanıb. Qeyd edək ki, AB4 altqrupuna inzibati vəzifələrin beşinci təsnifatı üzrə şöbə müdirinin müavini, AC1 altqrupuna inzibati vəzifələrin beşinci təsnifatı üzrə yerli bölmənin rəhbəri, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri, AC2 altqrupuna inzibati vəzifələrin altıncı təsnifatı üzrə şöbə müdiri, sektor müdiri, yerli bölmənin rəhbəri, AC3 altqrupuna inzibati vəzifələrin altıncı təsnifatı üzrə yerli bölmələrin rəhbərlərinin müavini, şöbə müdirinin müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri, AC4 vəzifə altqrupuna inzibati vəzifələrin yeddinci təsnifatı üzrə sektor müdiri, dövlət orqanı rəhbərinin köməkçisi vəzifələri daxildir.
Vəzifə qrupları və müvafiq altqruplar barədə ətraflı məlumat http://eservices.dim.gov.az/…/do…/buklet-dovlet-qulluqu_.pdf keçidi vasitəsilə əldə etmək olar.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikat əldə etmək üçün noyabrın 20-dən dekabrın 1-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Sertifikat almış şəxs müvafiq qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak hüququ əldə edir.
Dövlət orqanları tərəfindən inzibati rəhbər vəzifələr üzrə (A növü) müsabiqəyə 176 vakant vəzifə təqdim olunub. Onlardan 162-si regionlardadır. İnzibati rəhbər vəzifələr üzrə təqdim olunan vakansiyalar arasında ən yüksək vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına aid Əmlak Məsələləri Dövlət Komitəsi üzrə yerli bölmənin müdiri (beş vakant vəzifə) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə yerli bölmələrin müdiri (dörd vakant vəzifə) vəzifələridir. Kənd Təsərrüfatı Nazirliyi üzrə inzibati rəhbər vəzifələrə aid olan yerli bölmə rəhbərinin müavini yeri üzrə 44, yerli bölmədə sektor müdiri yeri üzrə 107 vakant vəzifə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan iki sektor müdiri (inzibati vəzifələrin altıncı təsnifatına uyğun olan), səkkiz yerli bölmə rəhbərinin müavini və bir yerli bölmədə sektor müdiri vəzifəsi təqdim olunub.
Regionlar üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vəzifələr üzrə ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq mümkündür: http://dim.gov.az/documents/PDF/Rayon1.pdf

 

Elm və təhsil 2017-11-20 12:30:00