×
A
A
A
Sazlamalar

Etika Akademiyasının təlimçiləri üçün ustad dərsi təşkil olunub

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən Etika Akademiyası Fərdi İnkişaf Mərkəzinin təşəbbüsü ilə bu qurumun təlimçiləri üçün Əməkdar İncəsənət Xadimi Aqil Məlikov tərəfindən ustad dərsi keçirilib.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, ustad dərsində A.Məlikov gənc mütəxəssislərə elmi ədəbiyyatımızda ədəb, əxlaq və davranış qaydaları barədə ətraflı məlumat verib.
Etika Akademiyası milli kadrların qlobal standartlara uyğunlaşması, dünya bazarında layiqli yer tutmaları məqsədilə müxtəlif proqramlar reallaşdırır. Bu çərçivədə akademiyanın təlimçilərinin də peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirilir və onlar üçün müntəzəm ustad dərsləri təşkil edilir. Növbəti aylarda akademiyanın təlimçi heyəti üçün A.Məlikov tərəfindən Azərbaycanın elmi ədəbiyyatına dair ustad dərsi keçiriləcək.
Akademiya ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən, orta məktəblərdə etiket dərnəkləri fəaliyyət göstərir. Təlimçilər tərəfindən üç dildə aparılan tədris prosesində yüzlərlə məktəbli nəzakətli ifadələr, masa servisi, nitq mədəniyyəti və s. mövzular üzrə məlumatlandırılırlar.

Sosial 2017-11-18 18:58:00