×
A
A
A
Sazlamalar

Səmərəli məşğulluğun təmin edilməsi işəgötürənlərlə birlikdə müzakirə edilib

Bakı, 18 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayon Məşğulluq Mərkəzi “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin, xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məşğulluq siyasətinin həyata keçirilməsində işə götürənlərin hüquq və vəzifələri, ölkə Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə ətraflı söhbət gedib.
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev əmək bazarında olan vəziyyət haqqında məlumat verərək işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə aparılan birgə məqsədyönlü tədbirlərdən danışıb. O, müəssisə və təşkilatların nümayəndələrinə yaranmış boş iş yerləri, o cümlədən kvota yerləri haqqında Məşğulluq Mərkəzinə vaxtında məlumat verməyin vacibliyini xatırladıb.
Rayon icra hakimiyyətinin aparıcı məsləhətçisi Müşfiq Kərimli çıxış edərək göndərişlə müəssisələrə göndərilən vətəndaşlara, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali kateqoriyasından olan əlil, məcburi köçkün və s. insanlara qayğı və diqqətlə yanaşılmasını xüsusi vurğulayıb.
Çıxışlardan sonra tədbir interaktiv və dialoq şəklində davam edib. Tədbirdə iştirak edənlərdən “Azərgold” QSC, “AG Bank” QSC, “Gilan Plastik” MMC, “Kapital İnvest” MMC, “Bakı Tikiş Evi” ASC və s. kimi müəssisələrin nümayəndələri onları maraqlandıran suallarla müraciət edərək Məşğulluq Mərkəzi ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün öz təkliflərini veriblər.

Sosial 2017-11-18 10:46:00