×
A
A
A
Sazlamalar

MDB dövlətləri Məşvərət Şurasının iclasında ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatlar maraqla qarşılanıb

 

Bakı, 17 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXX yubiley iclası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məşvərət Şurası əmək münasibətləri, məşğulluq, əmək miqrasiyası, əhalinin sosial müdafiəsi, əməyin mühafizəsi sahələrində MDB dövlətləri arasında əməkdaşlığın həyata keçirilməsi, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi işlərində məlumat mübadiləsinin təşkili, eləcə də bu sahədə dövlətlərarası sazişlərin hazırlanması məqsədinə xidmət edir.
İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşdığını vurğulayıb. Nazir müavini icra olunan mühüm sosial proqramlar, əmək və sosial müdafiə sisteminin yeni innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi üçün son illərdə aparılan sistem xarakterli islahatlar barədə iclas iştirakçılarını məlumatlandırıb.
Azərbaycanın əmək və sosial müdafiə sahələrində yaradılan avtomatlaşdırılmış sistemlər barədə məlumat verilib. Beynəlxalq səviyyədə yüksək dəyərləndirilən həmin sistemlərin müvafiq sahələrdə idarəetmənin müasir və səmərəli təşkilinə, dövlət xidmətlərinin elektron müstəvidə şəffaflaşdırılmasına və müvafiq əhali qruplarına əlçatanlığının təmin olunmasına imkan yaratdığı vurğulanıb.
Bununla yanaşı əlilliyin və sağlamlıq imkanlarının məhdudluğun qiymətləndirilməsi sisteminin elektron infrastrukturundan bəhs olunub. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sistemi əlilliyin müəyyən olunması üçün verilmiş göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Həmin sistem müvafiq məsələlərlə (o cümlədən əlilliyə görə pensiya və ya müavinət təyin olunması, sağlamlıq imkanları məhdud şəxslərə qəbul imtahanları zamanı zəruri köməkliyin göstərilməsi, imtahan binalarında əvvəlcədən onlara münasib şəraitin yaradılması, çağırışçılar üzrə məlumatın ötürülməsi, əlilliyi olanların əmək zəmanəti barədə işəgötürənə elektron məlumatın verilməsi və s.) bağlı aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə də şərait yaradıb.
Azərbaycanda beynəlxalq standartlar səviyyəsində qurulan müasir sığorta-pensiya sistemi barədə məlumat verilib. Cari ildə sığorta-pensiya sisteminin uzunmüddətli inkişafına yönələn növbəti islahat tədbiri nəticəsində ölkəmizdə tam sığorta əsaslı pensiya təminatına keçildiyi qeyd edilib. Bu islahat tədbirinin işləyən əhalinin bu sistemdə iştirak səviyyəsinin daha da artırılmasını stimullaşdırdığı, vətəndaşların layiqli pensiya təminatı imkanlarını artırdığı diqqətə çatdırılıb. Eyni zamanda, ölkəmizdə aztəminatlı ailələrin sosial yardım sistemindən asılılığının aradan qaldırılması və kiçik ailə biznesinə keçidinin təmin olunması üçün icra olunan özünüməşğulluq proqramından bəhs olunub. Azərbaycanda gələn ildən tətbiq ediləcək işsizlikdən sığorta sisteminin eyni zamanda aktiv məşğulluq tədbirlərinin, habelə özünüməşğulluq proqramının genişlənməsinə əsas yaradacağı bildirilib.
İclas iştirakçıları ölkəmizdə əmək və sosial müdafiə sahəsində aparılan islahatlara dair məlumatları böyük maraqla qarşılayıblar.
İclasda MDB iştirakçısı olan dövlətlərin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində qarşılıqlı əməkdaşlığına, gələcək fəaliyyət istiqamətlərinə, ailə və demoqrafik siyasətlə bağlı həyata keçirilən tədbirlərə, əhaliyə sosial xidmətlərin göstərilməsini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb.

Sosial 2017-11-17 17:15:00