×
A
A
A
Sazlamalar

“Anonymus” hakerləri İspaniya Konstitusiya Məhkəməsinin saytını sındırıb

Bakı, 21 oktyabr, AZƏRTAC

“Anonymus” beynəlxalq qruplaşmasının hakerləri İspaniya Konstitusiya Məhkəməsinin saytının işini iflic edib. Bunu ölkənin milli təhlükəsizlik departamenti bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, departamentin “Twitter” səhifəsində yerləşdirdiyi bəyanata əsasən, “Anonymus” fəalları “OpCatalunya” və “FreeCatalunya” adı altında kiberhücum əməliyyatlarına başlayıb.
Haker hücumları Kataloniya böhranını müzakirə etmək üçün hökumətin təcili iclası ərəfəsində baş verib. Hazırda İspaniya Nazirlər Şurasının iclasında ölkə konstitusiyasının Kataloniyanın muxtar statusunun ləğv edilməsi və muxtariyyətin bütün rəhbərlərinin hakimiyyətdən kənarlaşdırılmasına imkan verən 155-ci maddəsinin tətbiq edilməsi imkanları müzakirə olunur. Bundan sonra hökumətin qərarı təsdiq olunmaq üçün İspaniya senatına göndəriləcək.
Xatırladaq ki, Kataloniya lideri Karles Puçdemon İspaniyanın baş naziri Mariano Rahoyun muxtariyyətin müstəqilliyinin elan edilib-edilməməsi məsələsinə aydınlıq gətirməsi tələbinə yenə də məhəl qoymayıb. O, Mariano Rahoyun bununla bağlı sorğusuna cavab olaraq, mərkəzi hakimiyyətin dialoqa getməyəcəyi təqdirdə regionun müstəqilliyi məsələsini parlamentdə səsverməyə çıxarmaqla hədələyib.
Referendumdan sonra Barselona hökuməti müstəqillik deklarasiyasını imzalayıb. Lakin sonradan Puçdemon İspaniyanın mərkəzi hökuməti ilə danışıqları yüngülləşdirmək üçün deklarasiyanın qüvvəyə minməsini təxirə salıb.

Dünya 2017-10-21 15:52:00