×
A
A
A
Sazlamalar

BMT-nin eksperti: şəxsi məlumatların ən etibarlı qoruma sistemini yaratmaq vacibdir

Bakı, 21 oktyabr, AZƏRTAC
BMT-nin eksperti dövlətləri şəxsi məlumatların qorunmasının “yüksək etibarlı” sistemini yaratmağa çağırıb.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Baş Assambleyanın 72-ci sessiyasının üçüncü komitə iclasında çıxış edən BMT-nin eksperti Cozef Kannataçi hökumətləri istənilən konfidensial şəxsi məlumatın əlçatan olmasının qarşısını almağa çağırıb. O, bu cür informasiyaların “yüksək etibarlı” qorunması sistemini yaratmağı tövsiyə edib.
Cozef Kannataçinin sözlərinə görə, bu gün şirkətlərin çoxu insanlara bildirmədən və onların razılığı olmadan böyük miqdarda şəxsi məlumatları toplayırlar. Açıq istifadəyə konfidensial xarakterli məlumatlar düşür.
“Məni ən çox narahat edən odur ki, bir çox şirkətlər şəxsi məlumatları nəinki toplayır, həm də onları satmaq imkanına malikdirlər. Bu cür məlumatların əsl ticarəti gedir və nəticədə insan həyatının təfsilatlı mənzərəsini təqdim edən mürəkkəb baza yaradılır”, - deyə şəxsi həyat hüququ üzrə xüsusi məruzəçi Cozef Kannataçi bildirib.
O, BMT Baş Assambleyasının 72-ci sessiyasının nümayəndələrinə təqdim etdiyi məruzədə diqqətə çatdırıb ki, kiberməkanda izləmə məsələləri beynəlxalq hüquqda lazımi qaydada tənzimlənməyib.
Ekspert məlumat verib ki, hazırda bu məsələ ilə bağlı saziş layihəsinin hazırlanmasına dair təkliflər üzərində işləyir. Bu cür saziş insanları onların şəxsi həyatına müdaxilədən qorumağı təmin edərdi.

İKT 2017-10-21 12:13:00