×
A
A
A
Sazlamalar

“YARAT”da növbəti tədbir yapon işıqlandırma dizaynına həsr olunub

Bakı, 21 oktyabr, Flora Şükürova, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində məşhur yapon işıqlandırma dizayneri Daisuke Yanonun iştirakı ilə seminarlara başlanılıb. Tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori çıxış edərək ölkələrimiz arasında mədəniyyət və incəsənət sahəsindəki əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Son illər Azərbaycan ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışan diplomat tədbirin də bu qəbildən olduğunu söyləyib.
Vurğulanıb ki, hər iki dövlət mövcud əlaqələrin daha da genişlənməsində maraqlıdır və belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir.
Qeyd edək ki, seminarlar “Yapon işıqlandırma dizaynı haqqında”, “Yapon düşüncəsində işıq” və “Yapon kağızı (vasi) və işıq” mövzularına həsr olunub.
Belə ki, tədbirin ilk hissəsində işıq və işığın yapon qavrayışı haqqında məlumat verilib. İşıq və işıqlandırma haqqında təqdimat hissəsi ənənəvi yapon kağızı və şamlar vasitəsilə işığın qurulması təlimi ilə davam edib. İştirakçılar şam işığının zərif hərəkətini və onun necə anbaan dəyişdiyini, “dzen” halına necə gəldiyini izləyiblər. Sonra qonaqlara yapon kağızının fənər formasında qatlanaraq işığın onun içərisindən necə ötürülməsi və titrəməsi göstərilib.
Bu təlimdə Daisuke Yano iştirakçılara işığın hərəkətinin, titrəməsinin onun əsas gözəllik ünsürü olduğunu göstərməyə çalışıb.

 

Mədəniyyət 2017-10-21 10:39:00