×
A
A
A
Sazlamalar

"Prodexpo 2018" sərgisində iştirak üçün müraciət müddəti uzadılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Gələn il fevralın 5-9-da Moskva şəhərində keçiriləcək "Prodexpo 2018" Beynəlxalq Ərzaq Sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu noyabrın 20-dək uzadılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində maksimum 35 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqənin təşkilatçısı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 1-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı 20 baldır. Vahid ölkə stendində iştirak etmək üçün ərizə, nümayiş olunacaq məhsulların siyahısı, sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar noyabrın 20-dək AZPROMO-ya təqdim edilməlidir.

Biznes 2017-10-21 05:20:00