×
A
A
A
Sazlamalar

Zaqatalada orta məktəb şagirdləri üçün milli-mənəvi dəyərlərə dair təlimlərə ‎start verilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Orta Məktəblərin Şagirdləri üçün Milli-Mənəvi Dəyərlərə Dair Təlimlərin Təşkili” adlı layihənin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ilk olaraq Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin və Humanitar Fənlər Gimnaziyasının şagirdlərinə maarifləndirmə seminarları keçirilib. Təşkil edilən seminarlarda orta məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Seminarlar orta məktəb rəhbərliyi tərəfindən təyin edilmiş şagirdlərə təhsil mütəxəssisləri tərəfindən üç günlük müddətlərlə verilir. Əvvəlcədən layihənin məqsəd və tələblərinə uyğun olaraq müəyyənləşdirilmiş mövzular üç gün ərzində şagirdlərə təqdim ediləcək.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu layihə çərçivəsində Bakı, Şəki və Zaqatala bölgələrində yeniyetmə və gənclərdə milli şüurun, vətən sevgisinin, milli kimlik və dövlətçilik anlayışının formalaşması, vətən və dövlət qarşısında məsuliyyət hisslərinin artırılması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması istiqamətində maarifləndirici işlər görmək və əxlaqi dəyərlərin əhəmiyyəti istiqamətində orta məktəblərdə təlimlərə davam edir.

Sosial 2017-10-21 01:29:00