×
A
A
A
Sazlamalar

Avstriyada mühafizəkarlar yeni hökuməti qura bilərlər

Vyana, 20 oktyabr, AZƏRTAC

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərindən sonra hansı partiyaların koalisiyalı hökumət qurması ətrafında müzakirələr səngimir.
AZƏRTAC xəbər verir ki, seçkilərin rəsmi nəticələri oktyabrın 19-da elan olunduqdan sonra oktyabrın 20-də Avstriya Prezidenti parlament seçkilərində 31,4 faiz səslə qalib gələn Avstriya Xalq Partiyasının rəhbəri Sebastian Kurtsa yeni hökuməti təşkil etmək üçün mandat verib. Mətbuat konfransında o, koalisiya danışıqları zamanı ayrı-ayrı partiyaların fərdi maraqlarının deyil, Avstriya dövləti və əhalisinin ümumi maraqlarının diqqət mərkəzində dayanmasının vacibliyini vurğulayıb. Avropa, inteqrasiya, iqtisadi və ətraf mühit siyasətinin xüsusi əhəmiyyətini qeyd edən dövlət başçısı ölkə qarşısında yaxın gələcəkdə vahid Avropa siyasəti ilə bağlı mühüm tapşırıqlar (Avropa İttifaqı Şurasına sədrlik və s.) durduğuna da işarə edib.
Sebastian Kurts isə koalisiya qurulması üçün parlamentdə təmsil olunan bütün partiyalarla danışıqlar aparacağını elan edib.
Siyasi icmalçılar qalib partiyanın parlamentdə təmsil olunan Avstriya Sosial-Demokratlar Partiyası (26,8 faiz səs), Avstriya Azadlıq Partiyası (25,9 faiz səs), NEOS – Yeni Avstriya və Liberal Forum (5,3 faiz səs) və “Peter Piltsin siyahısı” (4,4 faiz səs) içində koalisiyalı hökumətin mühafizəkar düşərgəni təmsil edən Xalq və Azadlıq partiyaları arasında qurulması ehtimalını yüksək qiymətləndiriblər. Bu koalisiya qurulacağı halda parlamentdəki 183 yerin mütləq çoxluğu – 113 yer koalisiyalı hökumətin payına düşəcək. Seçki öncəsi mərkəz-sağçı Xalq Partiyası ilə radikal sağçı və populist Azadlıq Partiyasının öz platformasında oxşar mövzuları (qaçqın və miqrant siyasəti, təhlükəsizlik doktrinası, ümumavropa məsələləri) təqdim etməsi koalisiyanın bu partiyalar arasında qurulması ehtimalını artırır.
Daxili gərginlik və siyasi ixtilaflar səbəbindən koalisiyaya son qoyan Xalq Partiyası və Sosial-Demokratların yenidən koalisiyalı hökumət yaradacağı mümkün variantlar sırasında görünmür. Eyni zamanda tamamilə fərqli düşərgələri təmsil edən Sosial-Demokratların Azadlıq Partiyası ilə danışıqlara getməsi də ehtimallar sırasında deyil. Vəziyyətin belə davam edəcəyi təqdirdə yeni ilə kimi Avstriyada koalisiyalı hökumətin qurulacağı gözlənilir.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2017-10-20 23:47:00