×
A
A
A
Sazlamalar

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Bakıda Beynəlxalq Kulinariya Günü münasibətilə tədbir keçirilib. Tədbir qədim mətbəx nümunələrimizdən olan fisincana həsr olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov Beynəlxalq Kulinariya Günü barədə ətraflı məlumat verib.
Bildirib ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.
Qeyd edilib ki, ölkəmiz 1998-ci ildən YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının üzvüdür. Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.
Fisincanın tarixi haqqında məlumat verən T.Əmiraslanov deyib ki, bu yemək ölkəmizin bir çox bölgələrində bişirilir. Bu günə kimi həmin xörəyin 20 növünü bərpa etmişik.
Bakıya yeni gəldiyini deyən kulinariya tədqiqatçısı Yakir Levy burada ölkəmizin mətbəxi haqqında öyrəndiyini söyləyib. “Biz İsraildə mətbəxlər nümunələrinin tədqiqatını aparıb onlar haqqında məqalələr yazırıq. Eyni zamanda, Los-Ancelesdə yeməklərin necə bişirilməsi barədə kitablar çap edirik. Bu günə qədər 3 dildə 23 kitab nəşr etmişik. Biz buraya Azərbaycan mətbəxinin oxşar və fərqli cəhətlərini öyrənməyə gəlmişik”, -deyə qonaq bildirib.
Milli mətbəximizin ən qədim təamlarından olan fisincana həsr olunan tədbirdə sözügedən milli mətbəx nümunəmizin bir çox növləri qonaqlara təqdim olunub. Məqsəd sağlam və qədim xörək olan fisincanı restoran biznesinə qaytarmaq, mətbəximizdə qoruyub saxlamaqdır.
Sonda bir qrup aşpaz diplomlarla təltif olunub.

Mədəniyyət 2017-10-20 20:13:00