×
A
A
A
Sazlamalar

Yazılı imtahan tələbə biliyinin təminatıdır

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yazılı imtahan tələbə biliyinin təminatıdır” mövzusunda “dəyirmi masa” keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov UNEC-də təhsilin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən layihələrdən bəhs edib. Bildirilib ki, birinci kurs tələbələrinin ixtisas fənləri üzrə imtahanlarının yazılı qaydada həyata keçirilməsi bu istiqamətdə atılan önəmli addımlardandır. M.Əhmədov tələbələrə mükəmməl bilik verməyin və əmək bazarının tələblərinə uyğun elmi potensiallı kadr hazırlamağın prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. O, ixtisas fənlərindən kollokvium və imtahanların yazılı keçirilməsinin tələbə biliyini və düşüncəsini inkişaf etdirəcəyinə əminliyini ifadə edib.
Menecment kafedrasının müdiri, professor Kamil Şahbazov bildirib ki, kollokvium və imtahanların yazılı keçirilməsi novator tələbələri üzə çıxaracaq, onların təfəkkürünü daha da inkişaf etdirəcək.
İqtisadi nəzəriyyə kafedrasının dosenti Xankişi Xankişiyev kollokvium və imtahan suallarının hazırlanarkən test suallarından fərqli olaraq daha dərin məntiqli elmi əsaslara söykəndiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, tələbələrin daha çox bilik əldə etməsinə, onların öz ixtisaslarını mükəmməl öyrənmələrinə zəmin yaradacaq.
Sonda hər ixtisas üzrə ən yüksək balla UNEC-ə qəbul olunan tələbələrə təşəkkürnamə təqdim edilib.

Elm və təhsil 2017-10-20 19:27:00