×
A
A
A
Sazlamalar

Qarabağ qaziləri gələcək hərbi həkimlərlə görüşüblər

Bakı, 20 oktyabr, AZƏRTAC
Az qala Qarabağ torpağının simvollarından birinə çevrilən “Bayatı Şiraz” muğamı səslənir. Videoçarxda əsrarəngiz Qarabağ torpağının mənzərələri nümayiş olunur: qədim Şuşa qalası, dağların beli ilə qıvrıla-qıvrıla qalxan dolaylar, zümrüd qaşı kimi bu yerləri dövrəyə alan yamyaşıl meşələr, başı dumanlı dağlar...
Kadrlar qurtaran kimi videoçarxda ötən il aprel döyüşlərindən sonra azad edilmiş Lələtəpə yüksəkliyi görünür. Uzaqlarda başı ağ çalmalı dağlar, təpənin üstündə yellənən müqəddəs Azərbaycan bayrağı...
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetində Qarabağ torpaqlarının azad edilməsi uğrunda, o cümlədən aprel döyüşlərinin iştirakçısı olan qazilərlə keçirilən “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı ədəbi-bədii gecə belə başlayıb.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri Firudin Məmmədov müasir hərb tarixinin ən yaddaqalan səhifələrindən biri olan ötən ilin aprel döyüşləri haqqında danışıb. O, həmin döyüşlərin Azərbaycan ordusunun hərbi gücünün, ordumuzun peşəkarlığının, qalib gəlmək əzminin, xalq-ordu, ordu-xalq birliyinin nümayişinə çevrildiyini söyləyib. Qarabağ qazisi Rey Kərimoğlu Azərbaycan Milli Ordusunun ilk əsgərlərindən biri kimi döyüşdüyü kəşfiyyat batalyonunun apardığı əməliyyatlardan, özünün iştirak etdiyi bir sıra döyüşlərdən epizodlar xatırlayıb. Qarabağ qazisi Eşqin Hüseynov həmin döyüşlər zamanı milli ordu əsgərlərinin şücaəti hesabına illərdən bəri işğal altında olan torpaqlarımızın bir hissəsinin azad olunduğu və həmin qəhrəmanlıq nümunəsinin xalqımızda oyatdığı qələbəyə inam hissindən danışıb.
Ədəbi-bədii gecənin aparıcısı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar Artist Ağalar Bayramovun səsləndirdiyi poeziya nümunələri, hərbi diktor Şəmistan Əlizamanlının ifa etdiyi vətənpərvərlik mahnıları gecənin ruhuna mübarizlik və çoşqu gətirib.
Tədbirdə Tibb Universitetinin hərbi tibb fakültəsinin tələbələri və “Şəfa” xalq çalğı alətləri ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib. Gecədə belə bir ümumi fikir ifadə olunub ki, aprel döyüşləri böyük qələbəmizin başlanğıcıdır və onun davamı Qarabağın bütünlüklə və tamamilə işğalçılardan azad edilməsi ilə nəticələnəcək.
Ədəbi-bədii gecənin sonunda Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli aprel döyüşlərinin əhəmiyyətindən danışaraq deyib: “Azərbaycan xalqı heç vaxt torpaqlarının düşmən əsarəti altında qalması ilə barışmayacaq və aprel döyüşlərində əsgərlərimizin göstərdiyi döyüş fədakarlığı onun tamamilə azad olunacağı günün heç də uzaqda olmadığını nümayiş etdirib. Ötən ilin aprelində Milli Ordunun zəfər döyüşləri bizim şanlı qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünün nümayişidir”.
Sonra rektor gənclərin vətənpərvərlik tərbiyəsində böyük rol oynayan görüşdə iştirak etdiklərinə görə Qarabağ qazilərinə təşəkkür edib, onlara hədiyyələr bağışlayıb.
Tədbir başa çatandan sonra səhnədə videoçarxda nümayiş olunan kadrlar da görüşün leytmotivini əks etdirirdi: işğaldan azad edilmiş Lələtəpə yüksəkliyi və onun zirvəsində dalğalanan müqəddəs Azərbaycan bayrağı...

Cəmiyyət 2017-10-20 19:29:00