×
A
A
A
Sazlamalar

"İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal" mövzusunda konfrans keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda "İqtisadi səmərəlilik: innovativ texnologiyalar və qənaətli istehsal" mövzusunda konfrans keçirilib.
Konfransda İqtisadiyyat Nazirliyinin, aidiyyəti qurumların, ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri və elmi işçilər iştirak edib.
AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti nəticəsində son illərdə yüzlərlə müasir texnologiyalara əsaslanan sənaye müəssisəsinin fəaliyyətə başladığını, yeni rəqabətqabiliyyətli və ixracyönümlü, innovativ sənaye sahələrinin yaradıldığını, idxaldan asılılığın azaldıldığını, ixrac potensialının yüksəldiyini qeyd edib. V.Vəliyev, həmçinin dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına və kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol xəritələrində 2017-2020-ci illər üzrə əsas götürülmüş hədəflərdən, ötən müddət ərzində bu hədəflər üzrə görülmüş işlərdən bəhs edib. Bildirilib ki, bu yol xəritələrində mövcud aktivlərin səmərəli istifadə olunması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi əsas strateji hədəflər kimi seçilib.
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev sənayeyönümlü özəl müəssisələrin, universitetlərin və dövlətin əməkdaşlığının gücləndirilməsinin, ideya və texnologiyaların sənayedə tətbiqinin səmərəliliyin artırılmasında rolunu vurğulayıb.
Daha sonra plenar sessiyada Vilayət Vəliyev sənayedə məhsuldarlıq və səmərəliliyin artırılması istiqamətləri, direktor müavini Arzu Hüseynova kiçik və orta sahibkarlığın imkanlarının genişləndirilməsində innovativ infrastrukturun inkişafı, "Schneider Electric" şirkətinin nümayəndələri enerji effektivliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndəsi enerjidən səmərəli istifadə mövzularında təqdimatlarla çıxış ediblər.
Sonda geniş müzakirə keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.

İqtisadiyyat 2017-10-20 19:06:00