×
A
A
A
Sazlamalar

“Türkologiya” jurnalı beynəlxalq indeksdə

Bakı, 20 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalı oktyabrın 10-da Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Modern Dil Assosiasiyası (MLA - Modern Language Association) tərəfindən Beynəlxalq Dil Assosiasiyasının biblioqrafiyasına daxil edilib.
Bu əlamətdar hadisə ilə bağlı AZƏRTAC-a jurnalın məsul katibi Elçin İbrahimov məlumat verib. Bildirilib ki, türk dünyasının köklü və nüfuzlu elmi jurnallarından olan “Türkologiya” jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılan məqalələri səhifələrində əks etdirməkdir. Jurnal son illərdə beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib.
Beynəlxalq Dil Assosiasiyasının biblioqrafiyası ədəbiyyat, dil tarixi, etnoqrafiya, folklor və digər sahələrdə beynəlxalq istinad mənbəyidir. Biblioqrafiya 1,5 milyondan çox istinad mənbəyini əhatə edir. Milyonlarla tədqiqatçının istifadə etdiyi biblioqrafiyanın həm çap, həm də onlayn versiyası mütəmadi yenilənir. Bir çox Şimali Amerika və Avropa ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri bu biblioqrafiyaya abunə olur.
Akademik Kamal Abdullayev jurnalın baş redaktoru təyin olunduqdan sonra AMEA Rəyasət Heyətinin müvafiq qərarı istiqamətində dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, mədəniyyət, incəsənət, yazılı abidələr və türkoloji mərkəzlərlə bağlı məqalə və resenziyaların çapına qərar verilib.
Qeyd edək ki, “Türkologiya” jurnalının ildə dörd nömrəsi (mart, iyun, sentyabr və dekabr aylarında) nəşr olunur.
Jurnalla bağlı daha ətraflı məlumatı nəşrin elektron ünvanından(“www.turkologiya.org”) əldə etmək mümkündür.

Elm və təhsil 2017-10-20 18:53:00