×
A
A
A
Sazlamalar

“25 il Azərbaycan naminə” mövzusunda intellektual oyun keçirilir

Bakı, 20 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illiyinə həsr olunan “25 il Azərbaycan naminə” mövzusunda intellektual oyun keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, oyunun keçirilməsinin məqsədi YAP-ın və ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli mənəvi dəyərlərin, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin aşılanması, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət komandalar iştirak edir. Hər komanda altı nəfərdən ibarətdir.
İntellektual oyun iki mərhələdə keçirilir. Birinci mərhələdə rayonun ərazisindəki təhsil müəssisələri səkkiz qrup üzrə yarımfinal mərhələdə yarışır və hər qrup üzrə birinci yeri tutmuş səkkiz komanda finala vəsiqə qazanır.
Yarış iştirakçılarına iyirmi sual ünvanlanır və hər sualın cavablandırılması üçün bir dəqiqə vaxt ayrılır. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilir, qalib komanda müəyyənləşdirilir.
Qeyd edək ki, qalib komandalar oktyabrın 24-də keçiriləcək oyunun final mərhələsində birinci, ikinci və üçüncü yerlər uğrunda mübarizə aparacaqlar.

Elm və təhsil 2017-10-20 18:29:00