×
A
A
A
Sazlamalar

Polşada Qafqaz mövzusuna həsr edilən konfrans keçirilib

Konfrans çərçivəsində Jeşov Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 20 oktyabr, AZƏRTAC
Polşanın Jeşov Universitetinin təşkilatçılığı ilə keçirilən “Qafqaz-tarix-dəyişikliklər-perspektivlər” adlı elmi konfransda Azərbaycandan olan nümayəndələr də iştirak ediblər.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, elmi konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev “Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının xüsusiyyətləri”, həmin fakültənin əməkdaşı Təhminə Aslanova “Cənubi Qafqazda sülh və sabitliyin təşviqində elmi dialoqun perspektivləri (Dağlıq Qarabağ münaqişəsi misalında)”, “Cənubi Qafqaz” politoloqlar klubundan isə İlqar Vəlizadə “Azərbaycanın nəqliyyat strategiyası: Avropa və Asiyanı birləşdirərək” mövzularında çıxış ediblər.
Azad Rzayevin Jeşov Universitetinin rəhbərliyi ilə görüşündə ali təhsil ocaqları arasında əməkdaşlıq imkanları, o cümlədən müəllim və tələbə mübadiləsi, birgə konfransların təşkili kimi məsələlər müzakirə edilib.
Konfrans çərçivəsində Jeşov Universiteti və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azərbaycanın Polşadakı səfirliyinin müşaviri Ülvi Baxşəliyev konfransda iştirak edib.

Cəmiyyət 2017-10-20 18:26:00