×
A
A
A
Sazlamalar

Doqquz ay ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasının icraatında 67 müraciət olub

Bakı, 20 oktyabr, AZƏRTAC

2017-ci ilin 9 ayı ərzində Vergilər Nazirliyinin Apelyasiya Şurasının icraatında 67 müraciət olub. Bu müraciətlərin 10-u əvvəlki ildən qalıb, müraciətin 57-si isə cari ilə aiddir.
Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən açıqlama verilib.
İcraata götürülmüş müraciətlərdən 16-sı səyyar vergi yoxlamaları, 26-sı kameral vergi yoxlamaları, 7-si operativ vergi nəzarəti, 2-si eyni zamanda həm kameral, həm də səyyar vergi yoxlamaları, 2 müraciət ümidsiz borc məbləğinin silinməsi, 2 müraciət vergitutma metodunun dəyişdirilməsi, 2 müraciət inzibati şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi, 2 müraciət bank hesablarına qoyulmuş sərəncamların qanunsuz hesab edilməsi, 1 müraciət isə artıq ödəmənin qaytarılması barədədir.
Məlumata görə, 11 müraciətin tam, 2 müraciətin isə qismən təmin olunması barədə müvafiq qərarlar qəbul edilib. İki vergiödəyicisində inzibati icraat zamanı aşkar olunan halların araşdırılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilib. Müraciətin 5-i “İnzibati icraat haqqında” Qanunun 80.1.1-ci maddəsinə əsasən təmin edilməyib.
Bir sıra müraciətlər üzrə vergiödəyicilərinin şikayətlərinin predmeti ilə bağlı cinayət işinin istintaqının davam etməsi, digərlərinin eyni predmet üzrə iddia ərizələrinə məhkəmə qaydasında baxıldığı üçün onların icraatına xitam verilib. Bir qrup müraciətlər isə geri götürüldüyü, şuranın eyni məzmunlu müraciətlər üzrə müvafiq qərarları olduğu və müraciət predmetinin aradan qalxdığı üçün baxılmadan saxlanılıb.

 

Maliyyə 2017-10-20 18:10:00