×
A
A
A
Sazlamalar

“Azərtütün” MMC-nin rəsmisi: Bu il üçün hədəfimiz quru tütün istehsalını 3 min tona çatdırmaqdır VİDEO

Zaqatala, 20 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Respublikamızın şimal-qərb bölgəsində kənd təsərrüfatının ənənəvi və ixrac potensialı yüksək olan sahələrindən biri də tütünçülükdür. Bu gəlirli sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikamızda tütünçülük yenidən öz əvvəlki şöhrətini qaytarmağa başlayıb.
Dövlətimizin başçısı avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində tütünçülüyün çox gəlir gətirən bir sahə olduğunu, tütünçülüklə bağlı atılmış ilk addımların artıq öz müsbət nəticəsini verdiyini vurğulayaraq deyib: “İki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə də, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır”.

Zaqatala tütün emalı zavodu MDB məkanında bənzəri olmayan emal müəssisəsidir

AZƏRTAC xəbər verir ki, respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün” MMC şimal-qərb bölgəsində 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən cəmiyyət tərəfindən bölgənin rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-ci ildə isə rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu istifadəyə verilib. Hazırda cəmiyyətin Zaqatala, Qax və Şəki rayonlarında Bolqarıstandan alınmış və hər birinin tutumu 10 ton yaş tütün olan 172 tütünqurutma kamerasından ibarət 3 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə qurudulmuş tütün emal olunmaq üçün tütün emalı zavoduna göndərilir.
Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb. Müəssisənin texnoloqu Qalib Qazıyev AZƏRTAC-a bildirib ki, məntəqələrdən zavoda daxil olan quru tütün yarpaqları bu avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır, sifarişçilərə göndərilir. Hazırda zavodda 60 daimi işçi çalışır. İşçilərin orta aylıq əmək haqqı 300 manatdan yuxarıdır.

Cəmiyyətin emal məntəqələrində bu günədək 2 min tona yaxın quru tütün istehsal olunub

Respublikamızda tütün yığımının gedişi barədə məlumat verən “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov AZƏRTAC-a müsahibəsində bildirib ki, indiyədək Zaqatala məntəqəsi fermerlərdən 5 min tona yaxın, Qax məntəqəsi 4,5 min ton, Şəki məntəqəsi isə 4,3 min ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu məntəqələrdəki tütünqurutma kameralarının hamısı işlək vəziyyətdədir. Gündə məntəqələrin hər birinə qurudulmaq üçün 40-50 ton yaşıl tütün kütləsi daxil olur. Mövsümün əvvəlindən bu günədək hər üç məntəqədə, ümumilikdə, 2 min tona yaxın quru tütün istehsal olunub. Qurudulmuş tütünün 1000 tonu emal zavoduna göndərilib və indiyədək zavodda 500 ton quru tütün emal prosesindən keçib. İstehsal olunan xammal satış üçün hələlik, Rusiya və Gürcüstan bazarlarına göndərilir.
Cəmiyyətin rəsmisi bildirib ki, 2017-ci ildə respublika üzrə quru tütün istehsalının 3 min tona çatacağı proqnozlaşdırılır.

Balakəndə də tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərəcək

Tütünqurutma kameralarının sayının artırılmasına ehtiyac olduğunu vurğulayan “Azərtütün” MMC-nin sədr müavini deyib: “Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədi ilə cəmiyyət tərəfindən ilk olaraq Balakən rayonunda tütün qəbulu məntəqəsinin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Hənifə kəndində müvafiq yer də ayrılıb. Tütünün qurudulması üçün məntəqədə 60 kamera quraşdırılacaq. Avadanlığın bir hissəsi Bolqarıstandan gətiriləcək. Quraşdırma işləri isə yerli mütəxəssislər tərəfindən yerinə yetiriləcək”.
Balakənli fermerlər artıq gələn ildən məntəqənin xidmətindən yararlana biləcəklər. Növbəti illərdə tələbata uyğun olaraq, digər bölgələrdə də belə tütünqurutma məntəqələrinin yaradılması nəzərdə tutulur.

Kənd təsərrüfatı 2017-10-20 17:49:00

Video