×
A
A
A
Sazlamalar

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC 

Oktyabrın 20-də SOCAR-ın baş ofisində Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı (NQSİHİ) Respublika Komitəsinin V qurultayı keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurultayı giriş sözü ilə Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev açıb, qurultayın katibliyi, redaksiya, mandat və hesablama komissiyaları seçilib.
C.Əliyev hesabat məruzəsində ötən 5 ilə nəzər salıb, ölkəmizin iqtisadiyyatının əldə etdiyi uğurlarda neft-qaz sənayesi işçilərinin əməyini vurğulayıb, neftçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində SOCAR ilə birlikdə həyata keçirilən layihələrin önəmindən danışıb.
Respublika Komitəsinin Nəzarət təftiş komissiyasının sədri Cavanşir Bayramov, Heydər Əliyev adına Neft Emalı Zavodunun Həmkarlar İttifaqının sədri İlham Quliyev, Mandat Komissiyasının sədri İmanqulu Bayramov, “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və “BOS-Şelf” MMC-nin Həmkarlar İttifaqının sədri Allahyar Allahverdiyev çıxış edərək Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin 2012-ci ildən 2017-ci ilədək olan fəaliyyətini müsbət dəyərləndirib, eləcə də öz fəaliyyətləri haqqında qurultay iştirakçılarına məlumat veriblər.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin prezidenti Rövnəq Abdullayevin təbriklərini qurultay iştirakçılarına çatdırıb, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayının işinə müvəffəqiyyətlər arzulayıb.
Akademik X.Yusifzadə qeyd edib ki, Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı zəngin tarixi ənənələrə malikdir. NQSİHİ-nin özəyinin, əsas qüvvəsinin məhz SOCAR-ın əməkçiləri tərəfindən təşkil olunduğunu söyləyən natiq ötən qurultaydan keçən dövrdə birgə səylər nəticəsində neftçilərin sosial müdafiəsinin gücləndirilməsi, neft-qaz sənayesi əməkçilərinin sosial ehtiyaclarının daha dolğun ödənilməsi, iş şəraitinin və əməkçilərin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə söz açıb.
Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev neft-qaz sənayesi işçilərini qurultay münasibətilə təbrik edib. Bildirib ki, beynəlxalq Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının qərarına əsasən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Konfederasiyanın 25 illiyi münasibətilə gümüş medala layiq görülüblər. O, medalları SOCAR-ın birinci vitse-prezidentinə təqdim edib.
Daha sonra Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisi və nəzarət-təftiş komissiyası seçilib. Cahangir Əliyev yenidən Respublika Komitəsinin sədri, Fətulla Mustafayev və Sadiq Qurbanov sədr müavinləri seçiliblər.

Neft - qaz 2017-10-20 17:45:00