×
A
A
A
Sazlamalar

Kalsium və D vitamini çatışmazlığı osteoporozun əsas səbəbləridir

Bakı, 20 oktyabr, AZƏRTAC
"Osteoporoz metabolik sümük xəstəliyidir, sümük toxumasının mikroquruluşunun pozulması nəticəsində sümük qırılması riskinin artması ilə xarakterizə olunur",-deyə həkim-endokrinoloq Gülay Məmmədova AZƏRTAC-a verdiyi müsahibədə xəstəlik barədə danışıb: "Xəstəliyin ilk vaxtlarında heç bir şikayət olmasa da, zaman keçdikcə bel ağrıları, boy qısalması, hərəkət məhdudiyyəti, fəqərə, bud, bazu və qabırğa qırıqları, həmçinin sümük deformasiyaları əmələ gəlir.
Densitometriya ilə araşdırılan sümükdə müayinə sahəsinə düşən sümüyün mineral sıxlığı ölçülür. Bud sümüyünün başı, L1-L5 fəqərələri, morbid piyləmə olanda isə bilək densitometriya olunur.
Osteoporoz diaqnozu xəstəliyin əlamətinə görə qoyulur. Diaqnozun digər nahiyələrdən, məsələn, topuqdan aparılan müayinələr əsasında qoyulmasından istifadə edilmir.
İkincili osteoporoz zamanı prosesə səbəb olan xəstəliklərin müalicəsi sümük kütləsinin azalmasına səbəb olan risk faktorlarının azaldılması yolu ilə aparılır".
Xəstəliklə mübarizə barədə danışarkən endokrinoloq deyib: "Lazımı miqdarda kalsium və D vitamini qəbulu sümük kütləsinin azalmasının qarşısını alır. Hər bir orqanızmin yaşından asılı olaraq gündəlik kalsium miqdarı var. Məsələn, 1-3 yaş arası 500, 4-8 yaş arası 800, 9-18 yaş arası 1300, 19-50 yaş arası 1000, 51 yaşdan yuxarı olanlar 1200 milliqram kalsium qəbul etməlidir. Qəbul edilən qidalarla gündəlik kalsium ehtiyacını təmin etmək lazımdır. Lakin bəzən qidalarla yanaşı xəstələrə əlavə kalsium preparatları təyin olunur.
Xəstəyə təyin olunan 300 ml südün və ya 250 ml qatığın tərkibində 300 mq kalsium, kibrit qutusu boyda ağ pendirdə 200 mq, eyni miqdarda holland pendirində 400 mq, kəsmikdə isə 350 mq kalsium var.
Orqanizmdə D vitamini ultrabənövşəyi işığın köməyi ilə sintez olunur. Lakin əhalinin böyük hissəsi D vitaminini normada saxlayacaq qədər günəş işığı almır. Osteoporoz diaqnozu qoyulmuş xəstələrə siqaret çəkmək olmaz.
Xəstəliyin müalicəsi idman məşğələləri və bifsofonatlar, hormon müalicəsi və s. təyin edilməsi ilə aparıllır".

 

Səhiyyə 2017-10-20 17:08:00