×
A
A
A
Sazlamalar

Uşaq əməyinin istismarına yol verilməməsinə həsr edilən seminar təşkil olunub

Bakı, 20 oktyabr, AZƏRTAC

Əmək müqaviləsi yalnız on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər və həmin yaş həddinə çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və onu bağlayan işəgötürən inzibati məsuliyyətə cəlb olunur.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin “Uşaq əməyinin istismarı ilə bağlı nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin əhəmiyyəti” mövzusunda Bakının Nərimanov rayonunda təşkil etdiyi seminarda danışılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Dövlət Əmək Müfəttişliyi Xidməti və qurumun 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının, Nərimanov rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik tədbirlər bölməsinin, ayrı-ayrı təhsil müəssisələrinin və işəgötürənlərin, aidiyyəti QHT-lərin nümayəndələri və başqaları iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi uşaq əməyinə münasibətdə mütərəqqi, humanist yanaşmaları əks etdirir və ölkədə uşaqların onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələrini qadağan edir. 2014-cü ilin iyulundan tətbiq olunan Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin üstünlüklərindən biri də sistemin 15 yaşdan aşağı olanlarla hər hansı əmək müqaviləsinin qeydiyyatdan keçirilməsinə və rəsmiləşdirilməsinə imkan verməməsidir, yəni sistem həmin müqavilələri avtomatik müəyyən edir və onlarla bağlı bildirişləri qeydiyyata almır.
Tədbirdə vurğulanıb ki, 15 yaşından 18 yaşınadək olanlarla əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Yaşı 18-dən az olanlar isə əmək şəraiti ağır, zərərli iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı sahələrdə, eləcə də onların əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərə biləcək iş yerlərində əməyə cəlb edilə bilməzlər. Seminar zamanı yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, onlar üçün qanunvericilikdə nəzərdə tutulan təminatlar, işəgötürənlər tərəfindən həmin təminatlara əməl olunmasının məcburi olduğu diqqətə çatdırılıb.
Uşaq əməyinin istismarı hallarına qarşı mübarizə sahəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin aidiyyəti qurumlarla birgə fəaliyyətindən, bu sahədə ardıcıl şəkildə aparılan təbliğat-maarifləndirmə işlərindən də bəhs olunub. Bildirilib ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə uşaq əməyinin istismarı hallarının sayı minimuma enib.
Seminarda mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, iştirakçıların aidiyyəti üzrə sualları cavablandırılıb.
Qeyd edək ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin ötən dövründə Bakıda və respublikamızın müxtəlif bölgələrində əmək münasibətləri sahəsində uşaq hüquqları ilə bağlı maarifləndirmə məqsədilə altı seminar keçirilib.

Sosial 2017-10-20 17:05:00