×
A
A
A
Sazlamalar

Qaradağda mağazadan 30 min manat oğurlayan satıcı saxlanılıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində çalışan Ramiz Həsənov icarədarı olduğu mağazadan oğurluq olması barədə 10-cu polis bölməsinə müraciət edib. O, ərizəsində hesabat apararkən 2014-cü ildən cari il oktyabrın 18-dək olan müddətdə mağazadan ümumilikdə 30 min manat dəyərində məişət əşyalarının çatışmadığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarında oğurluğun mağazada işləyən satıcı tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından sonuncu saxlanılaraq polis bölməsinə gətirilib.
Araşdırmalarla onun Mingəçevir şəhər sakini Adil Müzəffərov olduğu müəyyənləşib. Satıcı təqribən 3 il ərzində həmin mağazadan dəmir və misdən hazırlanmış məişət əşyalarını oğurlayıb sataraq pulunu mənimsədiyini etiraf edib.
Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Hadisə 2017-10-20 13:31:00