×
A
A
A
Sazlamalar

Gürcüstanın Marneuli rayonunda naməlum silahlıların açdıqları atəş nəticəsində yaralananların sayı 5-ə çatıb YENİLƏNİB

Tbilisi, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Marneuli rayonunun Qızılhacılı kəndindəki seçki qərargahının önündə naməlum şəxslərin açdıqları atəş nəticəsində yaralananların sayı 5-ə çatıb.
Kənd sakini Elmar Hüseynov da həmin hadisə zamanı sol ayaq nahiyəsindən güllə yarası alıb.
Hadisədən sonra Ceyhun Çovdarov, onun qayınatası Azad Çobanov, digər kənd sakinləri Vüqar Bayramov, Anar Məmişov və Elmar Hüseynov Marneulidəki xəstəxanaya yerləşdiriliblər. Vəziyyəti nisbətən yüngül olan Anar Məmişov evə buraxılıb. Digər yaralıların da vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Gecə saatlarında Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və cinayətkarların təcili tapılaraq istintaqa cəlb olunması barədə tapşırıqlar verib.

00:36

Oktyabrın 19-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.
AZƏRTAC xəbər verir ki, naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovu güllələyiblər.
Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.
Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törədənlər haqqında məlumat yoxdur.
Gürcüstan DİN faktla bağlı araşdırma aparır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Hadisə 2017-10-20 07:55:00