×
A
A
A
Sazlamalar

Hamiləliyin fəsadlaşma halları ilə əlaqədar 28 protokol qəbul olunub

Bakı, 19 oktyabr, G.Mahmudlu, AZƏRTAC

Ana ölümlərinin səbəbi müxtəlifdir. Ölüm səbəbi kimi hamiləlikdən əvvəl anada olan xəstəliyin və ya hamiləliyin gedişatında əmələ gələn fəsadlaşmanın kəskinləşməsi göstərilə bilər. Hamiləlik dövründə fəsadlaşmalar adətən 22-ci həftədən sonra yaranır. Amma hər bir halda ana hamiləlikdən əvvəl və hamiləlik zamanı ginekoloq müayinəsindən keçsə, lazımi müayinə və müalicələr alsa, ölüm halları baş verməz.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova AZƏRTAC-a verdiyi müsahibədə bu barədə məlumat verib.
O, bildirib ki, hamiləliyin fəsadlaşmasına dair Səhiyyə Nazirliyi 28 protokol qəbul edib. Protokollarda risk qrupuna daxil olan hamilələr haqqında məlumatlar var. Ürək qüsurları, qaraciyər, böyrək xəstəliyi, qanın laxtalanma problemindən, üçüncü dərəcə piylənmə və şəkərli diabetdən əziyyət çəkən xəstələr, yaşı 18-dən aşağı və 35-dən yuxarı olan və ilk hamiləliyini yaşayan analar mütləq şəkildə risk qrupuna aiddirlər. Ümumiyyətlə, hər üç qadından birinin hamiləliyində və ya 25-30 faiz hamiləliklərdə fəsadlaşma qeydə alınır.
Hazırda ana və uşaq ölümündə 2015-ci ildən başlayaraq azalma müşahidə olunur. Ölkəmizdə ana və uşaq sağlamlığına göstərilən qayğı, bu sahədə dövlət proqramlarının həyata keçirilməsi müsbət nəticələr əldə ediləcəyinə böyük ümid yaradır.
Baş mama-ginekoloq doqquz ay ərzində doğuş zamanı 17 ana ölümü faktının qeydə alındığını söyləyib.

Səhiyyə 2017-10-19 17:17:00