×
A
A
A
Sazlamalar

Cari ilin doqquz ayında Bakıda 450 yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 19 oktyabr, AZƏRTAC

Cari ilin doqquz ayında paytaxt ərazisində 450 yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində məlumat verilib.
Qeyd olunub ki, hadisələr nəticəsində 139 nəfər ölüb, 392 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,2 faiz, xəsarət alanların sayı isə 23,9 faiz azalsa da, həlak olanların sayı 0,7 faiz artıb.
Yol hərəkətinə nəzarət prosesində 14,4 faiz çox və ya 648 min 897, o cümlədən sürət rejiminə əməl olunmaması ilə bağlı 396 min 286, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 19 min 498, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması ilə bağlı 1986 inzibati xəta aşkar edilib. Nəticədə həm ümumi qayda pozuntularının aşkarlanması, həm də kobud qayda pozuntularının aşkarlanması artıb, habelə 70 avtoxuliqan barəsində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Hadisə 2017-10-19 17:42:00