×
A
A
A
Sazlamalar

Payız depressiyası

Bakı, 19 oktyabr, AZƏRTAC

Payızın gəlişi bir sıra hallarda əhvali-ruhiyyəni pisləşməsi, süstlük və iş qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Payız depressiyası adlandırılan həmin dəyişiklik əhalinin 4-5 faizində müşahidə olunur. Depressiyanın səbəblərini dəqiq aşkar etmək mümkün olmasa da, psixiatrların fikrincə, əsas səbəb günəş işığının azalması nəticəsində yaranan hormonal dəyişikliklərdir.
Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Səbinə Rəşidova AZƏRTAC-ın müxbirinə deyib: "Payız dəyişikliyi ilk növbədə melatonin hormonunun artmasına aparıb çıxarır. Orqanizmdə temperaturu tənzimləyən həmin hormonun yüksəlməsi hərarətin azalmasına, yuxululuğun və iştahanın artmasına səbəb olur.
İkinci səbəb serotonin hormonunun azalmasıdır. Həmin hormon əhvalın tənzimlənməsi, yuxu ilə ayıqlığın tarazlanmasına cavabdehdir. Orqanizmdə melatoninin artması avtomatik olaraq serotonin azalması ilə nəticələnir. Məmnunluq və xoşbəxtlik hissinin yaranması, həmçinin əhvali-ruhiyyə yüksəkliyi üçün qanda serotonin yüksək miqdarda olmasıdır.
Günəş işığının intensivliyinin azalması dofamin adlı daha bir neyromediatorun miqdarının azalmasına səbəb olur, diqqətin və ətraf mühitdə baş verən hadisələrə marağın zəifləməsi ilə nəticələnir. Aparılan tədqiqatlar göstərir ki, mövsümi depressiyadan günəş işığı az olan şimal qurşaqlarında yaşayanlar daha çox əziyyət çəkir.
Qəm-qüssə, heç nəyə marağın olmaması, yuxusuzluq və ya yuxululuq, konsentrasiya və ya diqqətin pozulması, xarakterin dəyişməsi, əsəbilik, oyanıqlıq, tez qıcıqlanma, cinsi qabiliyyətin aşağı düşməsi, iştahanın dəyişməsi-artması və ya olmaması və suisidal fikirlər payız depressiyasının əlamətləri hesab olunur".
Depressiyadan xilas olmaq barədə danışan şöbə müdirinin fikrincə, payız depressiyası ilə mübarizə aparmaq üçün ilk növbədə günü rejimə salmaq, gecələr 8 saatdan az olmayaraq yatmaq lazımdır. Tünd çay və qəhvənin miqdarını bir qədər azaltmaq və onların əvəzinə tonuslandırıcı bitki çayları, məsələn, itburnu və ya eleuterokok dəmləməsi içmək, tünd şokolad yemək əhvalı yaxşılaşdırır. Qida rasionuna mütləq təzə meyvə və tərəvəzlər daxil edilməlidir.
Bunlardan başqa fiziki fəallığı artırmaq, hərəkət etmək və təmiz havada olmaq payız depressiyasından xilas olmağın ən yaxşı üsullarından sayılır. Səhərlər bir-iki fiziki hərəkət etmək həm əhvalı yaxşılaşdırır, həm də iradə nümayişinə görə özünə inam hissini artırır. Piyada gəzməyə üstünlük verilməsi də vəziyyətdən çıxmağa çox yaxşı kömək edir.
Psixiatr daha sonra deyib: "Çox mühüm məsələlərdən biri də dörd divar arasında qapanıb qalmamaq, dost və yaxınlara vaxt ayırmaqdan ibarətdir. Kafedə yaxın dostlarla içilən bir fincan çay bəzən bir psixoloqun seansını əvəz edə bilər. Ovqatı yaxşılaşdıran məsələlər haqqında düşünmək və onları həyata keçirməyə çalışmaq lazımdır.
Qəmgin və üzüntülü vəziyyət uzun müddət narahat edəndə onun səbəblərini araşdırmaq və həyat eşqini artırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir".

Səhiyyə 2017-10-19 11:36:00