×
A
A
A
Sazlamalar

Qazaxlı fermerlər qəbul məntəqələrinə 50 ton qurudulmuş tütün təhvil veriblər

Qazax, 19 oktyabr, Famil Quliyev, AZƏRTAC

Uzun fasilədən sonra bu il Qazax rayonunda ilk dəfə olaraq 50 hektar sahədə tütün əkilib. Əkilən tütün sahəsinin 20 hektarı Cəfərli və Bala Cəfərli kəndlərində, 30 hektarı isə Kosalar kəndi ərazisindədir.
Kosalar kəndində tütün sahəsinə yüksək səviyyədə qulluq göstərildiyindən bol məhsul əldə olunub. Hazırda tütün dərimi ilə yanaşı, qurudulan tütün kip şəklində bağlanaraq qəbul məntəqələrinə göndərilir. İndiyədək qəbul məntəqələrinə 50 ton qurudulmuş tütün təhvil verilib.
Fermer Elşad Məmmədov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Hazırda Kosalar kəndindəki 30 hektar sahədə tütün yığımı davam edir. Havaların soyumasına baxmayaraq, tütün yığımı sürətlə aparılır. Hər gün yığımla 50-60 ailə məşğul olur. Dərilən tütünlər qurutma məntəqələrinə, sonra da tədarük məntəqələrinə göndərilir”.
Sahələrdə məhsul boldur. Tütün yığımı noyabr ayında da davam edəcək.

Kənd təsərrüfatı 2017-10-19 10:35:00