×
A
A
A
Sazlamalar

“Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda seminar keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) “Fövqəladə hallarda reproduktiv sağlamlığın qorunması” mövzusunda Lənkəranda seminar keçirib. Nazirliyin 2017-ci il üçün mülki müdafiə tədbirləri planına əsasən, BMT-nin Əhali Fondunun İSİM-lə əməkdaşlığı çərçivəsində təşkil olunan seminarda Lənkəran, Masallı, Astara, Yardımlı və Lerik Mərkəzi Rayon xəstəxanalarının tabeliyində olan tibb müəssisələrinin müalicə işləri üzrə baş həkim müavinləri, ginekoloqlar iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, proqram üzrə mütəxəssis, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak ediblər.
Fövqəladə hallarda zərərçəkən əhalinin reproduktiv sağlamlığının təmin olunması və qorunması üçün Minimal Paket Xidmətlərinin (MİPX) göstərilməsi barədə iştirakçılara ətraflı məlumat verilib.
İSİM-in nümayəndəsi seminarda çıxış edərək minimal ilkin xidmətlərdə qida, su və sığınacağın zəruriliyi ilə yanaşı, zərərçəkənlərin rifahının və ləyaqətinin təmin edilməsi mövzusunun vacibliyini önə çəkiblər.
Seminarda ölkəmizdə fövqəladə hallarda əhalinin reproduktiv sağlamlığının qorunması sahəsində mövcud hazırlığın yüksək səviyyədə saxlanılması və lazım gəldikdə reallaşdırılması üçün nazirliklər/idarələrarası inteqrasiyanın olması vacibliyi xüsusi vurğulanıb.

Səhiyyə 2017-10-18 18:42:00