×
A
A
A
Sazlamalar

Astarada narıngi yığımına başlanılıb

Astara, 18 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Sitrusçuluq Astara rayonunun ən gəlirli sahələrindən biridir. Rayonda sitrusçuluq və subtropik meyvə istehsalı ilə əsasən Kijabə qəsəbəsi, Şüvi, Siyəkü və Səncərədi kənd ərazi nümayəndəliklərində yerləşən yaşayış məntəqələrinin sakinləri məşğul olurlar.
Bir neçə gündür rayonun sitrus bağlarında narıngi yığımına başlanılıb.
Astara Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda mövcud olan 1302 hektar narıngi bağlarından 34 min ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 312 sentner olub.
Cari ildə rayonda narıngi bağları 400 hektara yaxın artırılaraq 1700 hektara çatdırılıb. Bağlardan 40 min ton məhsulun yığılması proqnozlaşdırılır.
Bu il havaların quraq keçməsi məhsuldarlığa təsir edib. Məhsul istehsalçıları ötən il hər ağacdan 40 kiloqram narıngi yığırdılarsa, bu il bu rəqəm 10 kiloqram azalıb.
Fermer Mahir Məmmədov bildirib ki, bazarda narınginin satışı ötən ilə nisbətən ucuzlaşıb. Ötən il 2 manata satılan narıngi bu il 1 manat 50 qəpik - 1 manata təklif olunur.

Kənd təsərrüfatı 2017-10-18 17:32:00