×
A
A
A
Sazlamalar

Dieqo Simeone: “Qarabağ”ın hücum xəttində və cinahlarda güclü oyunçuları var

Bakı, 17 oktyabr, AZƏRTAC 

UEFA Çempionlar Liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün uğursuz olsa da, sabah komandamızın qələbə qazanacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşacaq İspaniyanın "Atletiko Madrid" komandasının baş məşqçisi Dieqo Simeone oktyabrın 17-də təşkil olunan mətbuat konfransında deyib.
Argentinalı mütəxəssis bildirib: “Sabah qalib gəlmək bizim üçün çox vacibdir. Bizi çətin oyun gözləyir. “Qarabağ” meydana fərqli taktika ilə çıxır, komandanın hücum xəttində və cinahlarında bizim üçün təhlükə yarada biləcək oyunçular var. Xüsusilə Miçhel Almeydanı vurğulaya bilərəm”.
“Atletiko Madrid”in yarımmüdafiəçisi Saul Niquez qeyd edib: “Sabahkı oyuna final qarşılaşması qədər böyük önəm veririk. Qrupdan çıxmaq üçün qalib gəlməliyik. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Təcrübəmizdən istifadə edərək ilk dəqiqələrdə qol vurub rahat oynamağa çalışacağıq”.
Mətbuat konfransından sonra “Atletiko Madrid” komandasının futbolçuları oyundan əvvəl sonuncu məşqə çıxıblar.

İdman 2017-10-17 19:18:00