×
A
A
A
Sazlamalar

Kirsan İlyumjinov şahmatın inkişafına təkan verməyə çağırıb

Bakı, 17 oktyabr, AZƏRTAC

Kirsan İlyumjinov şahmatın inkişafına təkan verməyə çağırıb.
FİDE prezidenti “İnterfaks” informasiya agentliyində keçirilmiş mətbuat konfransında belə bir bəyanatla çıxış edib. O, FİDE-də işləmək və şahmatı bütün dünyada inkişaf etdirmək üçün yeni ideyaları toplamaq, istedadlı, uğurlu və gənc insanları cəlb etmək niyyətindədir. Bütün bu niyyətlərin reallaşdırılması üçün xüsusi internet resursu açılacaq. Kirsan İlyumjinovun fikrincə 2018-ci ildə FİDE-nin yeni rəhbərliyinin seçkilərində insanlar yox, onların ideyaları və proqramları rəqabət aparacaq.
Kirsan İlyumjinov FİDE-nin keçən həftənin sonunda Antalyada (Türkiyə) keçirilmiş konqresini də şərh edərək xatırladıb ki, həmin konqresdə onun müavini Georgius Makropulos təşkilatın fəaliyyətdə olan rəhbərini kəskin tənqid edib. Bundan əlavə, FİDE İcraiyyə Komitəsinin iclasında növbəti seçkilərdə Kirsan İlyumjinovun iştirak etməməsi məsələsinə dair səsvermə keçirilib. Konqresin nümayəndələrindən 37-si bu təklifin lehinə, 20-si əleyhinə səs verib. Lakin Moskva Şahmat Federasiyasının birinci vitse-prezidenti Nikita Kimin öz müsahibəsində qeyd etdiyi kimi, bu səsvermə ayrı-ayrı insanların şəxsi fikrindən başqa bir şey deyil. Rusiya Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Andrey Filatov da vəziyyəti eyni cür qiymətləndirərək qeyd edib ki, seçkilərdə iştirak edib-etməmək barədə qərarı İlyumjinov özü qəbul etməlidir.
İlyumjinov bildirib ki, həmkarlarının ona qarşı intriqalarına səbəb ABŞ Maliyyə Nazirliyi tərəfindın ona tətbiq edilən sanksiyalardır. Kirsan Nikolayeviç bildirib ki, təxminən bir ay bundan əvvəl o, ABŞ-ın yeni prezidenti Donald Trampa məktub yazaraq onun şərəf və ləyaqətini müdafiə etməsini xahiş edib. Son günlər İlyumjinovun nümayəndələri Dövlət Departamentinin nümayəndələri ilə onun ABŞ-a gəlməsi məsələsinə dair intensiv əlaqə saxlayırlar.
Kirsan Nikolayeviç jurnalistlərlə söhbətində ümumi şahmat savadı mövzusuna da toxunaraq RF Təhsil və Elm Nazirliyinin rəhbəri Olqa Vasilyevaya ölkənin bütün məktəblərində şahmat dərsi tətbiq edilməsi layihəsini dəstəklədiyinə görə təşəkkürünü bildirib. FİDE başçısı vurğulayıb ki, regionların rəhbərləri ilə onun mütəmadi görüşləri sayəsində bu gün həmin layihə Moskva şəhərində, Leninqrad, Moskva və Kaluqa vilayətlərində, Xantı-Mansiysk Muxtar Mahalında və Rusiyanın digər regionlarda inkişaf etdirilir.

İdman 2017-10-17 15:53:00