×
A
A
A
Sazlamalar

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Tbilisi, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Tbilisidə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, müdafiə sahəsində mövcud əməkdaşlığın daim inkişaf etdiyini vurğulayan tərəflər iki ölkə arasında qarşılıqlı etimada əsaslanan hərbi əlaqələrin bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığını qeyd ediblər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin qeyd olunduğu görüşdə terrorizmə və separatizmə qarşı mübarizə aparan ölkələr olaraq hərbi əməkdaşlığın inkişaf etdirilməsi və bu məsələlərdə qarşılıqlı dəstəyin vacibliyi bir daha vurğulanıb.
Cənubi Qafqazda sabitliyin, o cümlədən regional layihələrin təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin rolunun əhəmiyyəti qeyd olunub, ikitərəfli hərbi əlaqələrin möhkəmlənməsinin və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmçinin iki ölkə arasında keçirilən hərbi təlimlərə Gürcüstanın da cəlb olunmasının əhəmiyyəti vurğulanıb və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Ordu 2017-10-17 10:26:00