×
A
A
A
Sazlamalar

Sərbəst güləşçilərimiz “Qitələrarası Kubok” beynəlxalq turnirində fərqləniblər

Bakı, 16 oktyabr, AZƏRTAC 

Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 9-cu “Qitələrarası Kubok” beynəlxalq turnirinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Peru, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna və Belarus idmançıları da iştirak ediblər.
Yığma komandamızın məşqçiləri Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında Xasavyurtda Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə, Qalib Əliyev (hər ikisi 61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov, Murtuzəli Müslümov, Qitinomaqomed Hacıyev (hamısı 70 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq), Cəmaləddin Məhəmmədov və Səid Həmidov (hər ikisi 125 kq) mübarizə aparıblar.
Beynəlxalq turnirinin ilk günündə Azərbaycan pəhləvanları 2 qızıl medal qazanıblar. Turnirdə mübarizə aparan güləşçilərimiz Ağahüseyn Mustafayev (65 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olublar.
“Qitələrarası Kubok”un son günündə isə millimiz 1 gümüş və 1 bürünc medala sahib olub. Turnirdə 125 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçilərimizdən Cəmaləddin Məhəmmədov ikinci, Səid Həmidov isə üçüncü yerdə qərarlaşıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Vaqif Zeynallı, Asif Şirəliyev və Sədi Quliyev təmsil ediblər.

İdman 2017-10-16 11:03:00